Fransanın ədliyyə naziri Jerald Darmanen 2027-ci ildə keçiriləcək prezident seçkilərinin mümkün ssenarilərindən birinin ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoya biləcəyini bildirib.
1xeber.media xəbər verir ki, bu barədə nazir “France Inter” radiostansiyasının efirində danışıb.
Darmanenin sözlərinə görə, “Milli Birlik” parlament fraksiyasının lideri Marin Le Pen və solçu “Boyun Əyməyən Fransa” partiyasının lideri Jan-Lük Melanşonun seçkilərin ikinci turuna yüksəlməsi ölkədə ciddi siyasi qarşıdurmaya səbəb ola bilər.
Nazir bildirib ki, bu namizədlərdən hər hansı birinin qələbəsi Fransanı böhran həddinə çatdıra və vətəndaş müharibəsi təhlükəsi yarada bilər.
Onun fikrincə, belə bir seçki qarşıdurması ölkədə milli həmrəyliyə ciddi zərbə vura, cəmiyyətdə kəskin reaksiyalara səbəb ola bilər. Darmanen əlavə edib ki, bu proseslərin nəticələri yalnız Fransa ilə məhdudlaşmayaraq bütün Avropaya təsir göstərə bilər.
Fransanın ədliyyə naziri qarşıdakı prezident seçkilərində belə bir ssenarinin qarşısını almaq üçün bütün səylərini göstərəcəyini vurğulayıb.
Qeyd edək ki, Marin Le Pen daha əvvəl prezident seçkiləri kampaniyası çərçivəsində Kiyevə səfər etmək və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək planının olmadığını açıqlamışdı.
















