Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın illərdə Rusiya sərhədçilərinin ölkə ərazisindən tamamilə çıxarılacağını və sərhədlərin mühafizəsi məsuliyyətinin Ermənistan tərəfindən öz üzərinə götürüləcəyini bəyan edib.
1xeber.media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın Telegram kanalı məlumat yayıb.
Paşinyan Rusiya sərhədçilərinin Ermənistanın sərhədlərinin qorunmasında göstərdiyi xidmətlərə görə təşəkkür edib.
“Rusiya sərhədçilərinə sərhədlərimizin mühafizəsinə görə minnətdarıq, lakin artıq yaxın illərdə bu məsuliyyəti tamamilə öz üzərimizə götürməyimizin vaxtı çatıb”, – deyə hökumət başçısı bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan ABŞ-ın iştirakı ilə Rusiya sərhədçilərinin ölkədən çıxarılması ehtimalını gündəmə gətirmişdi.
Ermənistanın bu istiqamətdəki addımları ölkənin sərhəd təhlükəsizliyi sistemində dəyişikliklərin baş verə biləcəyinə işarə edir.

















