Mikrobioloq Primrouz Fristoun səhər və axşam duş qəbul etməyin üstünlüklərini müqayisə edərək hansı vaxtın daha faydalı olduğunu açıqlayıb.
1xeber.media xəbər verir ki, mütəxəssis bu barədə “The Independent” nəşrində dərc olunan məqaləsində danışıb.
Onun sözlərinə görə, axşam duşu gün ərzində bədəndə toplanan kir və çirklənmədən xilas olmağa kömək edir. Lakin yataq dəstləri müntəzəm dəyişdirilmədikdə bu prosedurun faydası azala bilər. Belə ki, çirkli yataq dəstindəki mikroorqanizmlər təmiz bədənə keçə bilər.
Fristoun xəbərdarlıq edib ki, yataq dəstlərinin nadir hallarda yuyulması ölü dəri hüceyrələrinin və toz gənələrinin toplanmasına səbəb olur. Bu isə allergik reaksiyalara və astma əlamətlərinin kəskinləşməsinə şərait yarada bilər.
Mikrobioloq səhər və ya günorta duş qəbul etməyi daha effektiv hesab edir. Onun fikrincə, səhər duşu yuxu zamanı dəridə toplanan tər, bakteriya və ölü dəri hüceyrələrinin təmizlənməsinə kömək edir.
Mütəxəssis xüsusilə təzə yuyulmamış yataq dəstində yatdıqdan sonra səhər duş qəbul etməyin vacibliyini vurğulayıb.
Fristoun yataq dəstlərinin ən azı həftədə bir dəfə yuyulmasını da tövsiyə edib.
Qeyd edək ki, daha əvvəl həkim-somnoloq Mariya Savina payız və qış aylarında insanların daha çox yatmağa ehtiyac duymadığını bildirmişdi. Onun sözlərinə görə, bu fəsillərdə yuxululuq və yorğunluğun əsas səbəblərindən biri günəş işığının azalması ola bilər.
















