Fransa prezidentliyinə namizəd, solçu “Tabe Olmayan Fransa” partiyasının lideri Jan-Lük Melanşon ölkəsinin Almaniya ilə münasibətlərinə yenidən baxmalı olduğunu bildirib.
Onun sözlərinə görə, Almaniya iqtisadiyyatı silah istehsalına üstünlük verən istiqamət götürüb.
1xeber.media xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Melanşon Almaniya hakimiyyətinin son illərdə seçdiyi iqtisadi və siyasi kursla qəti şəkildə razılaşmadığını vurğulayıb. O qeyd edib ki, bu mövqeyi Almaniyaya qarşı mənfi münasibətdən deyil, silahlanma üzərində qurulan iqtisadiyyatın müharibəyə aparması ilə bağlı narahatlığından irəli gəlir.
Daha əvvəl fransalı siyasətçi Berlinin Avropanın ən böyük şərti hərbi qüvvələrini yaratmaq planını da tənqid etmiş və Almaniyanın bu ordu ilə kiminlə müharibə aparmağa hazırlaşdığını sual etmişdi.
Melanşon hesab edir ki, Almaniyanın artan hərbi gücü Fransa üçün də risklər yarada və Parisin istəmədiyi münaqişəyə cəlb olunmasına səbəb ola bilər.















