O gün bir ginekoloq hamilə xəstənin sancı çəkən anlarını sosial şəbəkədə paylaşmışdı.
Düzdü, qadının üzü görünmürdü. Amma xəstəni oturtmuşdu bir rezin şarın üstünə, qadın inildəyirdi, bu da onun kürəyini sığallayırdı. “Narahat olma, gözəlim” tipli “həkim məsləhətləri” də öz yerində. Nə verirdi bu tamaşaçıya, sosial şəbəkə istifadəçisinə? Anlamadım doğrusu. Hamilələrin doğuş öncəsi sancı çəkdiyi yeni informasiya idi, yoxsa artıq sancı çəkən hamilələri çəkib yaymaq doğuşu asanlaşdırırdı? Ağlımda cavabsız suallar…
Əslində isə… Elə biabırçı bir duruma gəlmişik ki, artıq həkimlər də özlərini bloger kimi aparırlar. Canı ilə əlləşən xəstənin başı üstündə ad günü tortunun şamını üfürən, canlı yayım açaraq yemək yeyən, səyahətini, evinin dəbdəbəsini paylaşan həkimlərin meydan suladığı bir zəmanədə yaşayırıq. Hə, dövrümüz sosial şəbəkə dövrüdür. Amma bu, hamının hər şeyi paylaşmalı olduğu anlamına gəlməməlidi axı. Həkimlər canlı yayım açıb, müayinələrini, əməliyyatlarını nümayiş etdirirlər. Öncədən də bildirirlər ki, bəs pasiyentin icazəsi alınıb. Xəstə yarıçılpaq, əməliyyat qanlı-qanlı… Mən Tibb Universiteti tələbəsi deyiləm, bu görüntülər də mənə qandan-qorxudan, travmadan başqa heç nə demir. O zaman nəyə lazımdı bu görüntüləri paylaşmaq? Onsuz da öyrənmək istəyənlər üçün hazırda internetdə bəs deyincə material var. Tələbələr, həkimliyə yeni başlayanların da faydalanacağı daha yüksək səviyyəli resurslar var.
Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı saxlanılan cərrah Sənan Mehdiyevlə bağlı da indi həmkarları kampaniyaya başlayıblar, imza yığırlar. Heç kimin qeyri-peşəkar olması ilə bağlı əlimdə fakt yoxdu. Amma ortada ölüm faktı varsa, araşdırma da olmalıdı axı. Həkimlər mediaya od püskürür: siz bizə qarşı kampaniyaya başlamısız deyə. Niyə axı, ağ xalatlılar? Əməliyyat etdikləriniz bir-bir ölürsə, biz bunu necə görməzdən gələk? Ölümdü e bu, sıradan həkim səhvi deyil. Apteklərlə, laboratoriyalarla, bahalı-bahalı müayinə məkanları ilə əməkdaşlıq edib, bizim sayəmizdə onlardan faiz aldığınızı keçdik. Kiçik bir sağlamlıq problemini qəsdən şişirdib, canımıza qorxu salıb, uzun-uzadı müalicə proseslərinə cəlb etmənizi də unutduq. Amma insan ölümünə niyə susmalıyıq axı?
Bəzilərinizin telekanallarla anlaşıb, böyük məbləğlər hesabına efirə çıxdığınızı bilməyənmi var? Hətta ailə-məişət verilişlərində, saçyoldu şoularında iştirak edib, reklam qazanırdız. Yaxşı ki, nazirlik sizi kanallardan uzaqlaşdırdı. Yoxsa reklama aldanan camaatımız sizin ekran işıltınıza aldanıb, hələ uzun müddət belə özünü riskə atacaqdı. Kimdi axı sizə düşmən? Özünüzdən başqa?
Ötən ay bədən şəkilləndirmə əməliyyatından sonra dünyasını dəyişən başqa bir qızın hekayəsi ölkədə olay olmuşdu. Əməliyyatı həkim adıyla aparan adam “dəftər-kitab”da klinikanın mühasibi imiş. Klinika indi yaxasını cırır ki, bəs bu adam həkimimiz deyil. Ölən qızın atası da deyir, əməliyyat üçün bu həkimlə danışdıq, o girdi əməliyyata. 500 manata sertifikat alanlar, üç gün həkim yanında kursa gedib, başımıza plastik cərrah kəsilənlərin zəmanəsidi indi. Bəzi həkimlər instaqramda yatıb qalıblar, hamı bir şou, paylaşım təlaşındadır. Yaxşı həkimin sosial şəbəkədə səhər-axşam veyillənməyə vaxtı qala bilər? Nədir bu qeyri-ciddilik? Texnikanın, sosial şəbəkənin seqmentlərindən faydalanmaq lazımdır deyəndə bunu nəzərdə tutmamışdıq axı. Bizimkilər “vur deyəndə öldürürlər”. Nəticədə də silikonlu, üz-gözü dartılmış, bədəni də maşallah şəkildə şəkilləndirilmiş həkimlər canlı yayımlarda onlara gələn “şirli hədiyyə”ləri qəbul edirlər.
Ölkədə Əlinin papağı Vəlinin, Vəlinin papağı da Əlinin başındadır. Sabah blogerlər əməliyyat otağına girsə təəccüblənmərəm. Çünki həkimlər sosial şəbəkədə yatanda sosial şəbəkə ulduzu da özünü əməliyyata dürtməlidi…
Sevin Telmanqızı