Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının mərhum din xadimi Hacı Şahin Həsənli ilə bağlı fikirləri birmənalı qarşılanmayıb.
O, parlamentin bu gün keçirilən komitə iclasında çıxışı zamanı şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.
Hacı Şahinin qardaşı Hacı Elçin saytımıza açıqlamasında məsələyə münasibət bildirib.
“Deputat buna pis baxır, qoy pis baxsın. Bu, onun şəxsi yanaşmasıdır. Belə şeylərdən uzağam. Qardaşımın ruhuna salavat çevirmələri mənim üçün xoşdur. Adi adam üçün də salavat çevirirlər. Rəhmətə gedənin ruhuna salavat çevirərlər. Onun içərisində nə xarablıq var ki, elə fikirləşir? Özü bilər”, - o deyib.
Modern.az-ın məlumatına görə, Tənzilə Rüstəmxanlı ünvanına səsləndirilən iradlara cavab verib.
Deputat qeyd edib ki, İslamda Allah sevgisindən uca heç bir sevgi yoxdur:
"İslamda kin-küdurət, insana düşmənçilik, nifrət, başqasına lənət oxumaq yoxdur.
Lakin sosial şəbəkələrdə özünə “mömin” deyən bir kütlə tərəfindən bu kimi hallarla qarşılaşırıq.
Lakin biz, öz yolumuzda, həqiqi islamı təbliğ edən möminlərimizin yanındayıq".