Ər-Riyad şəhərinin meri Bakının Baş Planına maraq göstərib
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinin meri Əlahəzrət Şahzadə Faysal bin Əbdüləziz bin Əyyaf Azərbaycanda "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində həyata keçirilən layihələri regionun gələcək inkişafı baxımından yüksək dəyərləndirib.
Misirin paytaxtı Qahirə şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumundan (WUF12) son yenilikiləri paylaşan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu barədə məlumat verib. Bildirib ki, mer forumda təşkil olunan Azərbaycan pavilyonunu ziyarət edərək, ölkəmizin innovativ şəhərsalma layihələri və dayanıqlı inkişaf təşəbbüsləri ilə tanış olub.
Azərbaycanla əməkdaşlığa önəm verdiklərini vurğulayan Əlahəzrət Şahzadə Faysal bin Əbdüləziz bin Əyyaf "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində həyata keçirilən layihələrə, həmçinin Bakı şəhərinin Baş Planına maraq göstərib. O, ölkəmizdə ərazi planlaşdırılması, şəhərsalma və infrastruktur sahəsində görülən işlərin və təşəbbüslərin regionun gələcək inkişafı üçün mühüm əhəmiyyətini xüsusilə qeyd edib