
Əslində, bu hadisəyə yalnız iki şəxs arasında baş vermiş polemika kimi baxmaq doğru olmaz. Son illər Prezident İlham Əliyevin müəyyən Avropa ölkələrinə rəsmi səfərləri zamanı oxşar ssenarinin təkrarlanması artıq diqqət çəkən tendensiyaya çevrilib.
Müxtəlif ölkələrdə eyni çevrələrin bənzər ssenari üzrə təxribat xarakterli suallar səsləndirməyə və süni informasiya gündəmi formalaşdırmağa çalışdığı müşahidə olunur.
Lakin bu cəhdlərin diqqət çəkən başqa bir tərəfi də var. Hər dəfə Azərbaycan dövlətini təmsil edən şəxslərin bu təxribatlara emosiyalarla deyil, arqumentlərlə, faktlarla və dövlət məsuliyyəti ilə cavab verərək xəyanətkarları ifşa etməsi, onların çirkin planlarını sıradan çıxarması xüsusi diqqət çəkir.
Bir müddət əvvəl Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Münhenə səfəri zamanı Emin Hüseynovun yaratmağa çalışdığı gərginlik də ictimaiyyətin diqqətindən yayınmamışdı. Həmin dialoqda Mehriban Əliyeva təmkinli və faktlara söykənən cavabı ilə Emin Hüseynova yerini və əsl kimliyini xatırlatdı. Bu cavabla həm də xəyanətkarların xaricə ifşasına start verildi…
Son olaraq, Almaniyada Hikmət Hacıyevlə baş tutan söhbət də eyni kontekstdə qiymətləndirilə bilər. Onun “Siz media deyilsiniz” və “Həyatda ən çətin və ən ağır şey Vətənə, dövlətə xəyanət etməkdir” fikirləri konkret bir polemikanın çərçivəsini aşaraq peşəkar jurnalistika, dövlətçilik və milli məsuliyyət anlayışları barədə aydın mesaj verdi. Prezidentin köməkçisi dövlətinə qarşı xəyanətkar mövqe tutanların üzünə əsl mahiyyətlərini nümayiş etdirdi.
Müasir dövrdə dövlətlərin rəqabəti təkcə siyasi və iqtisadi müstəvidə getmir. İnformasiya məkanı da bu rəqabətin əsas platformalarından birinə çevrilib. Bu baxımdan xarici səfərlər zamanı baş verən belə hadisələr yalnız təsadüfi dialoqlar deyil, informasiya müstəvisində aparılan mübarizənin də bir hissəsidir.
Bəlkə də məhz buna görə Hikmət Hacıyevin Almaniyada səsləndirdiyi bir cümlə bu dialoqun ən yaddaqalan hissəsi oldu: Bu fikir təkcə bir nəfərə deyil, milli maraqlar anlayışı ətrafında davam edən müzakirələrə verilmiş prinsipial mövqe kimi yadda qaldı.















