Müstəqil dövlət qurmaq və onu inkişaf yoluna çıxarmaq hər bir xalqa nəsib olmur.
Çoxsaylı xalqlar əsrlər boyu başqa dövlətlərin əsarəti altında yaşayıb, müstəqillik arzularını
həyata keçirə bilməyiblər. Azərbaycan xalqı isə tarixin müxtəlif dönəmlərində ağır sınaqlardan
keçsə də, azadlıq ideyasını qoruyub saxlayıb. Yadellilərin işğalına, siyasi, hərbi və iqtisadi
çətinliklərə baxmayaraq, dövlətçilik arzusu heç vaxt itməyib, milli iradə nəsildən-nəslə
ötürülərək xalqın mənəvi dayağı olub. Bu səbəbdən də müstəqil Azərbaycan dövləti
yüzilliklərin mübarizəsinin təbii nəticəsi kimi tarix səhnəsində möhkəmlənib.
Dövlətlərin mövcudluğunu müəyyən edən əsas anlayışlardan biri isə məhz suverenlikdir.
Tarixi və hüquqi düşüncədə bu anlayış dövlətin bütün qərarlarını öz iradəsi əsasında qəbul
etməsi, daxili və xarici siyasətində heç bir asılılıq tanımaması ilə izah olunur. Beynəlxalq
hüquqa görə, suveren dövlət müəyyən olunmuş ərazidə daimi əhaliyə, vahid hakimiyyətə və
digər dövlətlərlə münasibətlər qurmaq imkanına sahib olmalıdır. Bu şərtlər dövlətin beynəlxalq
hüquqi statusunu və müstəqil varlığını təmin edir. Ən əsası, suverenlik yalnız hüquqi anlayış
deyil, həm də dövlətin azad iradəsinin, bərabərhüquqlu mövqeyinin və milli müstəqilliyinin
rəmzidir.
XX əsrin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi
təcavüzkar siyasət ölkəmizin suverenliyini ciddi şəkildə pozmağa yönəlmişdi. Ermənistan
silahlı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal edərək, 30 ildən
artıq müddətdə orada etnik təmizləmə apardı, şəhər və kəndləri yerlə-yeksan etdi, tarixi və
mədəni abidələri dağıtdı. Xocalı soyqırımı isə bu siyasətin ən dəhşətli cinayət nümunəsi oldu.
Beynəlxalq ictimaiyyət həmin əraziləri hər zaman Azərbaycanın suveren torpaqları kimi tanısa
da, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası istiqamətində aparılan
uzunmüddətli danışıqlar nəticəsiz qaldı və Ermənistan sülh prosesinə səmimi yanaşmadığını
açıq şəkildə göstərdi. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də,
münaqişənin həlli ilə bağlı real addımlar atılmadı. Yeni hökumət əvvəlki hakimiyyətlərin
təcrübəsini davam etdirərək, vaxt uzatma taktikasına üstünlük verdi. Azərbaycanın və
vasitəçilərin bütün sülh təklifləri rədd edildi, hətta danışıqların əvvəldən başladılacağı bəyan
olundu. Bu qeyri-konstruktiv mövqe qarşısında Azərbaycan susqun qala bilməzdi. 2020-ci ilin
sentyabrında Ermənistanın başladığı genişmiqyaslı hərbi təxribat isə vəziyyəti daha da
gərginləşdirdi. Azərbaycan Ordusu bu dəfə qətiyyətli cavab verdi və İkinci Qarabağ
müharibəsində 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Nəticədə işğal altındakı
torpaqlarımızın böyük hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonları isə 2020-ci ilin
sonuna qədər tamamilə boşaldıldı. Azərbaycan bununla da öz gücü ilə beynəlxalq hüququn və
BMT qətnamələrinin icrasını təmin etdi.
Müharibədə məğlubiyyətə uğrayan Ermənistan və onun dəstəklədiyi qondarma Dağlıq
Qarabağ rejimi sülh prosesinə qoşulmaqdan imtina etdi. Halbuki həmin qurum beynəlxalq
hüquq normalarına görə qeyri-qanuni idi və heç bir dövlət tərəfindən tanınmırdı. Azərbaycanın
suveren ərazilərində belə bir separatçı rejimin mövcudluğu qəbul edilə bilməzdi. 9 noyabr
2020-ci il bəyanatı bölgədə yeni vəziyyət yaratdı. Ermənistanla Qarabağdakı separatçılar
arasında əlaqə yalnız Azərbaycan ərazisindən – Laçın dəhlizi vasitəsilə təmin edilməli idi.
Lakin ermənilər bu dəhlizdən sülh naminə istifadə etmək əvəzinə, silah-sursat daşınmasına
yönəldilər. Atəşkəs dəfələrlə pozuldu, təhlükəsizlik davamlı təhdid altında saxlanıldı.
Qondarma rejim militarist bəyanatlarla çıxış edərək, Azərbaycan dövlətinin səbrini sınamağa
çalışdı.
Azərbaycan 2023-cü ildə qətiyyətli addım ataraq bu vəziyyətə son qoydu. Aprelin 23-də
Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi
yaradıldı. Bu, suverenliyin təmin olunması baxımından böyük uğur idi və ən önəmlisi, heç bir
hərbi əməliyyata ehtiyac qalmadan əldə edildi. Beləliklə, Azərbaycan bütün beynəlxalq
tanınmış sərhədlərində öz hakimiyyətini tam şəkildə bərqərar etdi.
2013-cü ilin sentyabrında bölgədə Ermənistan silahlı birləşmələrinin törətdiyi
genişmiqyaslı təxribatların qarşısını almaq və ərazilərimizin təhlükəsizliyini təmin etmək
məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən antiterror tədbirləri həyata keçirildi. Bu
əməliyyat yalnız hərbi baxımdan deyil, həm də strateji və siyasi nöqteyi-nəzərdən böyük
əhəmiyyət kəsb edirdi, çünki uzun illər boyu işğal altında qalan ərazilərdəki qanunsuz hərbi
fəaliyyət Azərbaycan dövlətçiliyinin və suverenliyinin əsasına birbaşa təhdid yaratmışdı.
Əməliyyat 23 saat 43 dəqiqə davam etdi və yüksək peşəkarlıq, dəqiqlik və planlı hərbi
strategiya ilə həyata keçirildi. Qısa müddət ərzində bölgədə yerləşdirilmiş qanunsuz hərbi
birləşmələr tamamilə tərksilah edildi, onların strateji mövqeləri və nəzarət etdiyi ərazilər
Azərbaycan dövlətinin hakimiyyətinə qaytarıldı. Bu, yalnız hərbi nailiyyət deyil, həm də uzun
illər boyu davam edən işğalın, separatizmin və qeyri-qanuni rejimlərin yaratdığı təhlükənin
aradan qaldırılması demək idi. Əməliyyatın ən önəmli siyasi nəticələrindən biri isə qondarma
Dağlıq Qarabağ rejiminin özünü buraxdığını rəsmi şəkildə elan etməsi oldu. Bu hadisə
Azərbaycanın ərazilərində dövlət hakimiyyətinin tam bərpası anlamına gəlirdi və bölgədə uzun
illərdir davam edən qeyri-qanuni hərbi strukturun ləğv edilməsi ilə nəticələndi. Beləliklə,
Azərbaycan dövlətinin suverenliyi yalnız kağız üzərində deyil, reallıqda bütün ərazilərdə tam
təmin edildi. Dövlətin konstitusiya quruluşu bərpa olundu, hüquqi və siyasi sferada suverenliyi
qorunmuş oldu, həmçinin beynəlxalq aləmdə Azərbaycanın mövqeyi daha da möhkəmləndi.
Bu əməliyyat həm də Azərbaycanın tarixi ərazi bütövlüyünü bərpa etməsi, xalqın milli
iradəsinin gücünü nümayiş etdirməsi və gələcəkdə belə təxribatların qarşısının qətiyyətlə
alınması üçün əhəmiyyətli bir nümunə oldu. Qısa müddət ərzində əldə olunan bu nailiyyət həm
də bölgədə sabitliyin bərqərar olunmasına, yerli əhalinin təhlükəsizliyinin təmin edilməsinə və
Azərbaycan dövlətçiliyinin davamlı inkişafına zəmin yaratdı.
Azərbaycanın tarixi yolunda yeni mərhələ isə 2024-cü ildə Prezident İlham Əliyevin
imzaladığı Sərəncamla təsdiqləndi. Sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis
olundu. Bu gün müstəqillik uğrunda yüzilliklər boyu aparılan mübarizənin, ərazi bütövlüyünün
bərpasının və xalqın milli iradəsinin rəmzi olaraq təqvimə daxil edildi. Dövlət Suverenliyi
Gününün təsis olunması Azərbaycanın 1991-ci ildən bəri keçdiyi çətin və şərəfli yolun məntiqi
yekunu hesab olunur. Bu tarix həm 2020-ci ildəki böyük Qələbənin, həm də 2023-cü ildə
həyata keçirilən antiterror tədbirlərinin kulminasiya nöqtəsini simvolizə edir. Eyni zamanda XXI
əsrdə Azərbaycan dövlətinin müstəqilliyinin daha da möhkəmlənməsini və suverenlik
ideyasının tam reallaşmasını əks etdirir. Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında
imzaladığı Sərəncamla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə dövlətçilik
tariximizdə xüsusi yerə malikdir. Bu qərar həm Konstitusiyanın, həm də suverenliyin milli
həyatımızdakı əhəmiyyətini bir daha nümayiş etdirir və onları inkişaf modelimizin əsas
dayaqları kimi təqdim edir. Suverenliyin möhkəmlənməsi dövlətlərin beynəlxalq aləmdə
tanınması və mövqeyinin güclənməsi üçün əsas şərtlərdəndir. Konstitusiya isə dövlətin hüquqi-
siyasi əsaslarını müəyyənləşdirərək milli kimliyi təsdiqləyir. Bu iki anlayışın birlikdə
vurğulanması müasir Azərbaycan dövlətçiliyinin gücünü və perspektivlərini dünyaya tanıdır.
Müasir mərhələdə Azərbaycan xalqı tarixi dönüş nöqtəsini yaşayır. Tam suverenliyin
təmin olunduğu, ərazi bütövlüyünün bərpa edildiyi və sərhədlərin toxunulmaz hala gətirildiyi
şəraitdə ölkəmiz sürətli inkişaf yolundadır. Qarşıdakı illərdə bu reallığı qoruyub saxlamaq və
uğurları daha da artırmaq isə dövlətimizin əsas prioriteti olacaqdır.
Ceyran Xəlilova,
Sabirabad RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri
















