Dekabrın 24-də saat 19:00-da Bakıda Heydər Əliyev Sarayında Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli musiqiçi, klarnet-saksofonçu, dirijor, bəstəkar, Azərbaycanın Xalq Artisti Tofiq Əhmədovun (1924-1981) anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.
1xeber.media xəbər verir ki, yaradıcılıq fəaliyyətinin başlanğıcını Tofiq Əhmədovun adı ilə bağlayanlardan biri də görkəmli bəstəkar və pianoçu, “Şöhrət” ordeni laureatı, Azərbaycanın Xalq artisti Faiq Sücəddinovdur.
“Tofiq Əhmədovla bağlı xatirələr məni 70-ci illərə qaytardı. Biz Tofiq Əhmədovla “Nizami” metrostansiyası yaxınlığında qonşu idik və bir dəfə o, məni evinə dəvət edərək, ifamı dinləmək istədiyini bildirdi. Həmin vaxt Tofiq Əhmədov Azərbaycan Radiosunun Estrada-Simfonik Orkestrinin rəhbəri və baş dirijoru idi. İfamı dinlədikdən sonra o, məni öz kollektivinə pianoçu kimi dəvət etdi ki, bu da məni çox sevindirdi. O vaxtlar mən Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin fortepiano şöbəsinin dördüncü kursunda təhsil alırdım.
Bir neçə il ərzində mən Tofiq Əhmədovun kollektivində çalışdım. Bu kollektivdə ölkənin tanınmış mədəniyyət xadimləri – Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Gülağa Məmmədov, İlhamə Quliyeva, Flora Kərimova, Elmira Rəhimova, “Qaya” qrupunun solistləri və başqaları çıxış edirdilər. Sonradan mən bu kollektivin bədii rəhbəri və baş dirijoru oldum, kollektiv isə Tofiq Əhmədovun adını daşımağa başladı.
Qeyd etmək istərdim ki, Tofiq Əhmədov təkcə möhtəşəm musiqiçi deyil, həm də əla təşkilatçı, gözəl və çox maraqlı bir insan idi. O, hər kəsə böyük sevgi və diqqətlə yanaşırdı. Tofiq Əhmədov ölkədə estrada sənətinin inkişafına böyük töhfə verib və o, həmişə yaddaşımızda və qəlbimizdə yaşayacaq!”, - deyə Faiq Sücəddinov bildirib.