2025-ci ilin dekabrında Rusiya səmasında Azərbaycani Hava Yollarına məxsus təyyarənin vurulması xəbəri Cənubi Qafqazda ildırım effekti yaratdı. Bu hadisə regionun siyasi sabitliyi, dövlətlərarası etimad və beynəlxalq hüquqa yönəlmiş təhlükəli mesaj idi.
Rusiya tərəfi ilk açıqlamasında hadisəni “quş dəstəsi ilə toqquşma” kimi təqdim etməyə çalışdı. Amma bu izah, nə Azərbaycan ictimaiyyətini, nə beynəlxalq müşahidəçiləri, nə də hadisənin arxasındakı reallıqları görənləri inandıra bildi. Faktlar və radar qeydləri göstərirdi ki, təyyarə təsadüfi texniki səbəbdən deyil, idarə olunan atəşlə vurulub.
Azərbaycan Prezidenti İlham Əliyev soyuqqanlı, dövlət məsuliyyətini daşıyan bir liderin tonunda danışdı. Bildirdi ki, Azərbaycan vətəndaşlarının qanı yerdə qalmayacaq. Və heç kim bizim təhlükəsizliyimizi sınağa çəkə bilməz.
İlham Əliyev hadisənin ilk günündən məsələni beynəlxalq hüquq çərçivəsində araşdırmaq, hadisənin səbəbkarlarını üzə çıxarmaq və ədalətin bərpasını təmin etmək üçün qəti mövqe sərgilədi.
Rusiya kimi nəhəng dövlət qarşısında geri çəkilmədi. Əksinə, milli maraqları qorumaq, haqlı mövqeni dünyaya çatdırmaq istiqamətində ardıcıl və düşünülmüş addımlar atdı. Diplomatik səviyyədə aparılan danışıqlar, beynəlxalq təşkilatlara göndərilən rəsmi məktublar və müttəfiq ölkələrlə koordinasiyalı fəaliyyət nəticəsində
Moskva hadisəni gizlədə bilmədi.
Bu gərginlik fonunda ötən gün Düşənbədə keçirilən regional sammitdə İlham Əliyevlə Vladimir Putinin görüşü baş verdi. Görüş öncəsi atmosfer soyuq idi, gözləntilər az idi. Amma Düşənbədə baş verən hadisə tarixə düşdü.
Putin illərlə “üzr istəməməsi” ilə tanınan, heç bir beynəlxalq təzyiq qarşısında boyun əyməyən lider kimi tanınır.
O, ilk dəfə rəsmi şəkildə üzr istədi.
O, açıq şəkildə bəyan etdi ki, Azərbaycan təyyarəsinin vurulması insan səhvi və nizamsız əməliyyat nəticəsində baş verib, buna görə Rusiya məsuliyyəti üzərinə götürür, kompensasiya veriləcək və cinayətkarlar cəzalandırılacaq.
Bunu geosiyasi dönüm nöqtəsi idi. Təbii ki, öz-özünə baş vermədi.
Putinin bu addımı, əslində, İlham Əliyevin qətiyyətli, sistemli və balanslı siyasətinin nəticəsidir.
Və deyə bilərik ki, Azərbaycan regionda “kiçik qonşu” kimi qəbul edilən bir ölkə öz liderinin iradəsi sayəsində supergüc Rusiya qarşısında bərabərhüquqlu tərəf kimi davranmağı bacardı.
İlham Əliyev göstərdi ki, güc həm də ağlın və prinsipiallığın birliyindədir.
Beynəlxalq ictimaiyyət üçün də bu hadisə çox mühüm mesaj idi. O baxımdan ki, Azərbaycan artıq regionda söz sahibidir, onun mövqeyi nəzərə alınmadan Cənubi Qafqazda heç bir məsələ həll edilə bilməz.
Düşənbə görüşündən sonra Azərbaycan cəmiyyətində qürur və rahatlıq hissi yaranıb.
Xalq öz dövlət başçısının prinsipial mövqeyini, təmkinini və diplomatik bacarığını alqışladı. Media, sosial şəbəkələr və ekspert dairələri bu hadisəni Azərbaycan diplomatiyasının yeni mərhələsi kimi dəyərləndirdilər.
Lakin bu ümummilli birliyin fonunda bəziləri, okenanın o tayında Sevinc Osmanqızı, Bakıda Əli Kərimli və onun ətrafı hadisəni fərqli şəkildə təqdim etməyə çalışdılar. Xalq reallığı görür, Azərbaycan qalibdir.
Heç şübhəsiz ki, Rusiya ilə münasibətlərin kəskin pozulması regionda böyük fəsadlar doğura bilərdi. Enerji layihələri, ticarət xətləri, təhlükəsizlik məsələləri ciddi risk altına düşə bilərdi. Lakin İlham Əliyev gərginliyi idarə etməyi bacardı.
O, Moskvanı nə təhqir etdi, nə də güzəştə getdi. Sadəcə ağıllı diplomatiya ilə onu məsuliyyət daşımağa məcbur etdi.
Bu, dövlət rəhbərliyinin nəyə qadir olduğunu göstərən ən parlaq nümunələrdən biridir.
Bu vəziyyət həm də regionda “balans siyasəti”nin zəruriliyini bir daha təsdiqlədi.
Ki, yaralı ayı ilə döyüşməzlər. Onu sakitləşdirmək üçün ağıl, səbr və zaman lazımdır.
İlham Əliyevin Düşənbə diplomatiyası göstərdi ki, Azərbaycanın gücü yalnız iqtisadi potensialında və hərbi arsenalında məhdudlaşmır, siyasi iradə və liderlik keyfiyyətlərindədir.
Rusiya kimi dövlətin üzr istəməsi və kompensasiya vədi verməsi, əslində, Azərbaycan diplomatiyasının parlaq zəfəridir.
Bu hadisə həm də beynəlxalq münasibətlər üçün presedent yaratdı.
Heç bir dövlət Azərbaycanla təkəbbür dilində danışa bilməz.
Azərbaycanla yalnız dostluq, bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında əlaqə qurmaq mümkündür.
Hadisələr göstərdi ki, İlham Əliyevin “nəyi, nə vaxt və necə etmək” prinsipi dövlət idarəçiliyinin fəlsəfəsidir.
O, emosiyalara qapılmadan, lakin prinsipiallıqdan dönmədən hər addımı dəqiq planlayır.
Azərbaycan gücləndikcə, onu istəməyən qüvvələrin aqressiyası artır.
Amma tarix sübut edir ki, bu aqressiya sonda elə həmin qüvvələrin öz üzərinə qayıdır.
Düşənbədəki üzr hadisəsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun, Prezident İlham Əliyevin siyasi məktəbinin və milli ləyaqətin qələbəsidir.
Tarixin yaddaşına bir daha yazıldı ki, Azərbaycanla yalnız gerçəyin və ədalətin dilində danışmaq olar.
Sevil RƏŞADLI