Azərbaycanın müxtəlif bölgələrində yaşayan yüzlərlə sahibkar əmlaklarına çıxarış almaqda üzləşdikləri çətinliklərlə bağlı 1xeber.media-nın redaksiyasına müraciət ediblər. Sahibkarlar bildirirlər ki, mağazalarını sığortalatmaq və ya bankdan güzəştli kredit almaq istəyəndə onlardan mülkiyyət hüququnu təsdiqləyən çıxarış tələb olunur. Sənədləşmə uzandıqca bəziləri ticarəti davam etdirmək üçün daha yüksək faizlə borc götürməli olurlar.
Bazar istifadəyə qəbul edilib, çıxarış isə bir ilə yaxındır gözlənilir
Sahibkarların redaksiyamıza çatdırdıqları hallardan biri 200-ə yaxın ticarətçinin çalışdığı bazarla bağlıdır. Onların sözlərinə görə, bazarın tikintisi və istifadəyə verilməsi üçün sənədlər 20-yə yaxın dövlət qurumundan keçib. Tikinti layihəsi təsdiqlənib, dövlət rüsumları ödənilib, Fövqəladə Hallar Nazirliyinin beş qurumundan, o cümlədən eskalatorlarla bağlı müvafiq sənədlər alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, eləcə də qaz, elektrik və su təchizatı müəssisələrindən tələb olunan sənədlər də toplanıb.
Sahibkarlar qeyd edirlər ki, yerli icra hakimiyyəti bazarın istismara qəbul aktını təsdiqləyib. Torpaq sahəsinin rəsmi çertyoju və texniki pasportu da mövcuddur. Onların bildirdiyinə görə, çətinlik çıxarış üçün müraciət ediləndə yaranıb. Həmin mərhələdə torpaq sahəsinin koordinatlarında uyğunsuzluq olduğu və göstərilən ərazidən yol keçdiyi bildirilib.
Sahibkarlar bu izahla razılaşmırlar. Onlar uyğunsuzluğun konkret harada olduğunu, yolun torpaq sahəsinin hansı hissəsindən keçdiyini və bunun əvvəlki sənədlər təsdiqlənərkən niyə üzə çıxmadığını aydınlaşdırmaq istəyirlər.
Gecikmənin xərcini ticarətçilər çəkirlər
Sahibkarların sözlərinə görə, banklar bazarda çalışan ticarətçilərə güzəştli kredit ayırmağa hazır olduqlarını bildirsələr də, çıxarış tələb edirlər. Vəsaitə ehtiyacı olan ticarətçilərin bir qismi sənədin hazırlanmasını gözləyə bilmədiyi üçün lombardlara üz tutur. Nəticədə onlar güzəştli kreditlə ala biləcəkləri vəsaiti daha yüksək faizlə borc götürürlər.
Eyni çətinlik mağazaların sığortalanması zamanı da yaranır. Sahibkarlar bildirirlər ki, bazar fəaliyyət göstərsə də, çıxarışın gecikməsi mağazalarını sığortalatmaq istəyən ticarətçilərin müraciətlərini tamamlamağa mane olur.
Alıcı 20 gün gözləyib, alqı-satqı baş tutmayıb
Sahibkarlar koordinatlarla bağlı gecikmənin başqa bir əmlakın satışına da mane olduğunu bildirirlər. Onların sözlərinə görə, Rusiyadan gələn alıcı əmlakın koordinatlarının sənədə daxil edilməsini 20 gün gözləyib. Sənəd bu müddətdə hazır olmadığı üçün alıcı fikrindən daşınıb və sövdələşmə baş tutmayıb.
Redaksiyamıza müraciət edən sahibkarlar bildirirlər ki, bazarın sənədləşdirilməsi ilə bağlı məsələni həm əmlakın qeydiyyatına cavabdeh ərazi idarəsi, həm də yerli nümayəndə qarşısında qaldırıblar. Onların dediyinə görə, hər iki ünvanda digər tərəfə müraciət etmək tövsiyə olunub. Bir ilə yaxın vaxt keçsə də, bazarın çıxarışı ilə bağlı məsələ hələ açıq qalır.
Sahibkarlar aidiyyəti qurumlardan torpaq sahəsinin çertyoju və texniki pasportu ilə qeydiyyat məlumatlarını müqayisə etməyi, gecikmənin səbəbini və çıxarışın alınması üçün atılmalı addımları açıqlamağı xahiş edirlər.
1xeber.media məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini də dərc etməyə hazırdır.
















