Son dövrlərdə vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdən biri də BakıKart sistemi ilə bağlı anlaşılmaz və şəffaf olmayan pul çıxarılmalarıdır. Xüsusilə Kapital Bank kartlarından (Birbank) istifadə edən şəxslərin hesabından "səbəbsiz” şəkildə 60 qəpik məbləğində vəsaitin silinməsi suallar doğurur və bu hal artıq sistemli problem təsiri bağışlayır.
Məsələnin ən narahatedici tərəfi isə bu çıxarışların istifadəçilərə aydın və əsaslandırılmış şəkildə izah olunmamasıdır. Müştəri öz hesabından pulun hansı xidmətə görə, hansı hüquqi əsasla tutulduğunu bilmirsə, bu artıq maliyyə şəffaflığının pozulması deməkdir. Bank sektoru və nəqliyyat ödəniş sistemləri kimi ictimai əhəmiyyət daşıyan qurumlar üçün bu cür qeyri-müəyyənlik qəbuledilməzdir.
















