Regionlarda fermerlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması və müraciətlərə operativ reaksiya verilməsi istiqamətində görülən işlər müsbət nəticələrini göstərməkdədir. Su təminatı ilə bağlı şikayət və narazılıqların azalması bu sahədə həyata keçirilən tədbirlərin real təsirinin göstəricilərindən biridir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin həyata keçirdiyi institusional islahatlar, su təsərrüfatında idarəetmənin təkmilləşdirilməsi, suvarma infrastrukturunun yenilənməsi və su itkilərinin qarşısının alınmasına yönəlmiş tədbirlər bu prosesdə mühüm rol oynayır.
Köhnəlmiş su xətlərinin yenilənməsi, suvarma kanallarının bərpası, suyun uçotunun və bölgüsünün təkmilləşdirilməsi, texniki itkilərin minimuma endirilməsi istiqamətində görülən işlər mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməyə imkan yaradır.
Digər tərəfdən, rayon və bölgələrdə fermerlərlə əlaqələrin gücləndirilməsi, onların müraciətlərinin yerində araşdırılması və problemlərin operativ həlli xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Əlbəttə, su təsərrüfatında bütün problemlərin qısa müddətdə həlli mümkün deyil. Lakin atılan addımlar, aparılan islahatlar və infrastruktur layihələri qarşıya qoyulan hədəflərə doğru irəliləyişin əsasını təşkil edir.
Əsas məqsəd aydındır: su itkisini azaltmaq, hər damla sudan səmərəli istifadə etmək, fermerin su təminatını yaxşılaşdırmaq və kənd təsərrüfatının inkişafına real töhfə vermək.

















