Bakı Apellyasiya Məhkəməsində "QƏRƏZ"
Sahibkar onunla bağlı qərarı ədalətsiz hesab edir...
Dünya çempionu olmuş idmançı və sahibkar Ələkbər Həbibov 1xəbər-ə müraciət edərək sabiq ədliyyə məmuru, general İlqar Məmmədovdan şikayət edib. O yaşadığı problemlə bağlı Baş Prokurorluq və Məhkəmə Hüquq Şurasına şikayət etdiyini də bildirib.
Eyni zamanda Ələkbər Həbibov yaşadığı olayın ölkə başçısı tərfindən nəzarətə götürülməsini xahiş edib.
Sahibkar müraciətində qeyd edib ki, Bakı Kommersiya Məhkəməsində mahiyyəti üzrə baxılan işlə bağlı Bakı Apellyasiya Məhkəməsi qanunsuz və ədalətsiz qərardadlar çıxarıb.
Belə ki, "Centlmen sövdələşməsinə" əsasən, sabiq ədliyyə məmurunun nüfuzuna və sözünə güvənən sahibkar təxminən 2 milyon 500 min manatlıq sərmayəni itirir.
Sahibkar Ələkbər Həbibov işin hallarından danışaraq xüsusən qeyd edib ki, təxminən 7 il öncə keçmiş ədliyyə məmuru İlqar Məmmədovla razılaşaraq faktiki olaraq ona məxsus qəzalı və təmirsiz obyekti icraəyə götürmüş, onu tam bərpa edərək təmir, bərpa, tikinti , dizayn işləri görərək və xüsusi avadanlıqlar quraşdıraraq təxminən 2.5 milyon manat sərmayə qoyur. Aralarında olan sövdələşməyə əsasən obyektin faktiki sahibi general İlqar Məmmədov həmin obyekti Ələkbər Həbibova 10 il müddətinə icarəyə verir. Ələkbər Həbibov isə obyekti yüksək səviyyədə tam təmir etdikdən sonra istifadəyə götürür. Aralarında yaranan etibarlı münasibətə arxalanaraq formal baxımından icarə müqaviləsi 1 il müddətinə lakin hər il uzadılma şərti ilə bağlanılır. Bakı şəhəri Nizami küçəsində yerləşən "HAVEN" adlı restoran faktiki olaraq general İlqar Məmmədova məxsus olmasına baxmayaraq formal baxımdan öz doğma dayısı Kərimov Mahmudun adına rəsmiləşdirilib.
Şikayətçi bildirir ki, sahəsi 1000 kv olan obyektin arxasında yerləşən daha bir obyekt də (təxmini sahəsi sahəsi 1000 kv) İlqar Məmmdova məxsusdur. Bu obyekt də rəsmi sənədlərdə İlqar Məmmədovun qohumunun adına rəsmiləşdirilib.
Sahibkar onu da bildirib ki, Bakı Kommersiya Məhkəməsinin qanunu və ədalətli qərardadlar (müvəqqəti təmin tədbiri) çıxarmasına baxmayaraq sonradan Bakı Apelyasiya Məhkəməsinin hakimləri Təranə Mahmudova (sədrlik edən) Elnur Həsənov və Ziya Şirinov tam qanunsuz və əsassız yeni qərardadlar qəbul edərək sahibkar Ələkbər Həbibovun obyekdən istifadə etməsinə və restorandakı fəaliyyətinə qadağa qoymuşdur.
Ələkbər Həbibov şikayətində qeyd edir ki, işə Təranə Mahmudovanın formal sədrlik etməsinə baxmayaraq faktiki olaraq prosesə Elnur Həsənov rəhbərlik edirdi. Hakimlərin bu qanunsuz və ədalətsiz qərərdadlarına görə özüm və mənimlə əmək müqaviləsi bağlayan siravi vətəndaşlar iflic vəziyyətinə düşüblər deyə, sahibkar bildirib.
Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsinin icraatında və mahiyyət üzrə baxılan bir iş olduğu halda Bakı Apelyasiya Məhkəməsinin hakimləri artıq mahiyyəti həll edən qərardadlar qəbul etdilər. Bu isə mülkü prosesual qanunvericiliyə ziddir və yalnış məhkəmə tecrübəsi yaradır.
Təəssüflər olsun ki, Bakı Apelyasiya Məhkəməsi sahibkar Ələkbər Həbibovun şikayəti əsasında hakimlərin barəsində intizam icraat qaydasında araşdırma aparmaq əvəzinə öz bəyanatı ilə sanki qarşı tərəfin vəkili kimi çıxış edərək məsələni ört-basdır etmək istəyir. Bununla yanaşı acınacaqlı fakt odur ki, bu növ qərardadlardan Ali Məhkəməyə şikayət etmək nəzərdə tutulmayıb. Elnur Həsənov və digər hakimlər bunu bilərəkdən qərəzli şəkildə ediblər? sualına cavabı yəgin ki, adiyyatı qurumlar axtaracaqlar.
Məsələnin qərəzli tərəfində diqqət çəkən digər məqam isə Bakı Apelyasiya Məhkəməsinin qərərdadı elan ediləndən təxminən 15 dəqiqə sonra Səbail rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlunun obyektə gələrək "bağlamaq" göstərişinin verməsidir. Sual yaranır: Bu nə deməkdir? Bəlkə, Bakı Apelyasiya Məhkəməsinin qərardadı məhkəmə zalında deyil, artıq öncədən qəbul edilmişdir?
Mövzu diqqətimizdədir!