COP29-da plastik tullantıların effektiv idarə edilməsi məsələsi müzakirə olunub
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “İqlim dayanıqlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: çağırışları anlamaq və imkanları kəşf etmək” mövzusunda müzakirələr aparılıb.
1xeber.media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil olunan tədbir plastik tullantıların idarə edilməsi və iqlim dayanıqlığı sahəsində çalışan müxtəlif ölkələrin dövlət rəsmilərini, beynəlxalq təşkilatların təmsilçilərini, yerli və beynəlxalq ekspertləri bir araya gətirib.
Toplantının məqsədi plastik tullantıların yaratdığı qlobal və regional çağırışları müzakirə etmək, ən yaxşı təcrübələri bölüşmək və mümkün həll yollarını araşdırmaqdır.
Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, plastik tullantılar qlobal miqyasda ətraf mühitə və insan sağlamlığına ciddi təsir göstərən ən böyük problemlərdən biridir: “Hər il dünya üzrə milyonlarla ton plastik tullantı yaranır və onların böyük bir hissəsi düzgün idarə olunmadığı üçün təbiətə atılır. Bu, ekosistemlərin pozulmasına, dəniz və qurudakı canlıların məhv olmasına, həmçinin insan sağlamlığı üçün risklərin artmasına səbəb olur. Plastik tullantıların effektiv idarə edilməsi və iqlim dayanıqlılığının təmin edilməsi üçün birgə səylərimiz zəruridir. COP29 tədbirindən sonrakı dövrdə əldə edəcəyimiz nəticələr iqlim dayanıqlılığı, o cümlədən tullantıların idarə olunması sahəsində mühüm irəliləyişlərə səbəb olacaq”.
Görüşdə plastik tullantıların iqlim dəyişikliyinə və ətraf mühitə mənfi təsirləri vurğulanıb və Azərbaycanın bu sahədə atdığı addımlar, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib.
Məruzəçilər öz ölkələrində plastik tullantıların idarə olunması sahəsində həyata keçirilən təşəbbüslər və əldə olunan nailiyyətlər haqqında danışıblar.
Tədbirdə plastik tullantıların idarə edilməsində sektorlararası əməkdaşlığın rolu, maliyyə dəstəyi mexanizmləri, korporativ sosial məsuliyyət layihələri və dövlət-özəl tərəfdaşlıqları barədə fikir mübadiləsi aparılıb.
Həmçinin İstehsalçının Genişləndirilmiş Məsuliyyəti (EPR) yanaşmasının tətbiqi, tullantıların azaldılması, təkrar emalın təşviqi və dövri iqtisadiyyat modellərinin tətbiqi kimi mövzular müzakirə edilib.