Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tərəfdarlarını “rəqs etməyi” dayandırmağa və ölkəni qaytarmaq üçün radikal etiraz formalarına müraciət etməyə çağırıb.
Bu barədə “Novosti-Georgia” məlumat yayıb.
“Ölkə əlimizdən alınır. Ya müqaviməti davam etdirib ölkəni geri alacağıq, ya da müqavimətdən əl çəkəcəyik və Gürcüstan müstəqil ölkə olaraq mövcudluğunu dayandıracaq. İndi bizimlə - azadlığımız, bizimlə - qurtuluşumuz, gələcəyimiz arasında 4 min robokop və xüsusi təyinatlı var. Biz ki daha çoxuq! Ona görə də bu balerina oyunları dayandırılmalıdır...
Biz daim “qanun çərçivəsində” sözünü təkrar edirik. Hansı qanuna əsasən? Mövcud olmayan? Hansı konstitusiyaya əsasən? Onların çoxdan kənarlaşdığı konstitusiyaya?” – deyə Saakaşvili sərhədi qanunsuz keçmə ilə bağlı bugünkü məhkəmə prosesinə Tiflisdəki “Vivamed” klinikasından videobağlantı vasitəsilə qatılarkən deyib.
Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu 53,93% səslə qalib gəlib. Müxalifət seçkinin nəticələrini tanımaqdan imtina edib.