22 iyul tarixində Moldovanın Demokrat Partiyasının saniq lideri və iş adamı Vladimir Plaxotnyukun Yunanıstanda saxlanıldığı məlum olub.
1xeber.media xəbər verir ki, xarici KİV onu ölkənin ən varlı şəxslərindən biri və Moldova siyasətinin boz kardinalı adlandırır.
Erkən dövr və təhsili
Vladimir Georgiyeviç Plaxotnyuk 1 yanvar 1966-cı ildə Moldava SSR-in Kalaraj rayonu Pituşka kəndində anadan olub. 1991-ci ildə Moldova Texniki Universitetinin qida sənayesi texnologiyası fakültəsini mühəndis ixtisası üzrə bitirib. 2002-ci ildə həmin universitetdə biznesin idarə olunması üzrə magistr dərəcəsi alıb. 2006-cı ildə Moldova Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə başa vurub.
Biznes fəaliyyəti
1991-ci ildən zorakılıq qurbanı olan yetkinlik yaşına çatmayanların reabilitasiyası ilə məşğul olan "Minor" mərkəzində çalışıb. Daha sonra "Euro Est Hundel Ltd Moldova" və "Voyage Ltd Moldova" kimi xarici kapitallı şirkətlərdə iqtisadçı vəzifəsində işləyib. 1995-ci ildə "Angels" adlı maliyyə qrupunu yaradaraq 2001-ci ilədək rəhbərlik edib.
2001-ci ildə neft məhsullarının idxalı və satışı ilə məşğul olan "Petrom Moldova" ASC-də kommersiya direktoru, sonradan isə baş direktor olub və bu vəzifəni 2010-cu ilə qədər icra edib.
2005-ci ildən etibarən "Victoriabank"ın Direktorlar Şurası sədrinin müavini, 2006-2011-ci illərdə isə bu bankın şura sədri vəzifəsində çalışıb.
Siyasi karyerası
2010-cu ilin payızında Moldova Demokrat Partiyasına (MDP) qoşulub və parlamentə deputat seçilib. Elə həmin ilin dekabrında partiyanın sədr müavini və Moldova parlamentinin birinci vitse-spikeri təyin edilib, beynəlxalq əməkdaşlıq məsələlərinə kuratorluq edib. 2012-ci il iyunun 16-da MDP-nin birinci sədr müavini seçilib.
2013-cü ildə deputatlar ona etimadsızlıq səsi verərək "parlamentin və respublikanın imicinə zərər vuran qeyri-qanuni fəaliyyət"də ittiham ediblər. Oktyabrda deputat mandatından imtina etsə də, 2014-cü ilin noyabrında yenidən deputat seçilib. 2015-ci ilin iyulunda yeni parlament çoxluğunun yaradılmasından sonra mandatından imtina edib.
2016-cı il yanvarın 11-də MDP parlamentdə yeni koalisiya formalaşdıraraq Plaxotnyuku baş nazir vəzifəsinə irəli sürüb. Ancaq prezident kriteriyalara uyğun gəlmədiyi səbəbi ilə bu namizədliyi rədd edib. Yanvarın 14-də prezident ikinci dəfə bu təklifi qəbul etməyib.
2016-cı ilin dekabrında MDP-nin qurultayında Plaxotnyuk yekdilliklə partiya sədri seçilib. 2019-cu ilin fevral parlament seçkilərində birmandatlı dairədən deputat mandatı qazanıb. Həmin ilin iyununda partiya sədrliyindən, iyulda isə deputat mandatından imtina etdiyini açıqlayıb.
Moldovadan ayrılması və hüquqi məsələlər
2019-cu ilin iyunundakı siyasi böhrandan sonra Plaxotnyuk əvvəlcə ABŞ-a, sonra isə Türkiyəyə köçüb. Moldova mediasına görə, o, investisiya müqabilində Türkiyə vətəndaşlığı əldə edib. Türkiyə qanunvericiliyi vətəndaşların xaricə təhvil verilməsini qadağan edir. 2019-cu il oktyabrın 29-da Moldova Milli Korrupsiya ilə Mübarizə Mərkəzi onu beynəlxalq axtarışa verib. Ona məxsus təqribən 3 milyon dollar dəyərində əmlaka həbs qoyulub.
O, Moldova Biznes İnsanları Assosiasiyasının və müxtəlif sosial və mədəni layihələri dəstəkləyən "Edelveys" xeyriyyə fondunun təsisçisi olub. Mediada yayılan məlumatlara görə, Plaxotnyuka iki otel, bir sığorta şirkəti, gecə klubu, "Prime" və "2 Plus" telekanalları, eləcə də "Prime FM" radiostansiyası məxsus olub. Onun əmlakının ofşor zonalarda qeydiyyata alınması ilə bağlı jurnalist araşdırmaları dəfələrlə dərc olunub.
2014-cü ildə Moldova Respublikasının ordeni ilə təltif olunub. Ailəlidir, iki oğlu var.
Cinayət işləri
Rusiyada bir neçə cinayət işində adı keçir. 2017-ci ildə Moskvanın Basman məhkəməsi tərəfindən qiyabi olaraq saxlanılmasına qərar verilib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, o, Moldova və Rusiya iş adamı Renato Usatıya qarşı təşkil olunmuş uğursuz sui-qəsddə iştirak edib.
2019-cu il fevralın 22-də Rusiya DİN Plaxotnyuku və iş adamı Vyaçeslav Platonu "moldovan sxemi" adlanan maliyyə fırıldağında ittiham edib. 2013–2014-cü illərdə bu sxemlə Rusiyadan 500 milyard rubldan çox vəsait Moldova bankı "Moldindconbank" vasitəsilə çıxarılıb. Bu iş üzrə 2019-cu il avqustun 5-də Moskvanın Tver məhkəməsi Plaxotnyukun qiyabi həbsinə qərar verib.
2019-cu il iyunun 26-da Rusiya DİN onu cinayətkar qruplaşma yaratmaqda və 28 epizod üzrə narkotik qaçaqmalçılığında ittiham edib. Noyabrın 14-də Tver məhkəməsi Plaxotnyukun bu iş üzrə də qiyabi həbsini təsdiqləyib.
2022-ci il iyulun 5-də Kişinyov məhkəməsi Plaxotnyuk barəsində "Metalferos" dövlət şirkətində mənimsəmələrlə bağlı cinayət işi çərçivəsində həbs qərarı çıxarıb.