1xeber.media valyuta.az saytına istinadən xəbər verir ki, “Avrora” Şirkətlər Qrupunun təsisçisi Ceyhun Abbasov 1972-ci il iyulun 4-də Naxçıvanın Ordubad rayonunun Unus kəndində anadan olub.
Orta təhsilini doğulduğu kənddə alan Abbasov 1996-cı ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib.
1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ceyhun Abbasov 1993-cü il noyabrın 1-də “Avrora” şirkətinin əsasını qoyub. Həmin vaxt onun 21 yaşı olub.
İlk illərdə yerli və xarici istehsalçıların məhsullarının topdan satışı ilə məşğul olan şirkət 2001-ci ildən istehsal sahəsində də fəaliyyət göstərməyə başlayıb. 2002-ci ildə un və biskvit fabrikləri istifadəyə verilib, sonrakı illərdə isə makaron istehsalına başlanılıb.
2008-ci ildə “Bolmart” marketlər şəbəkəsini yaradan şirkət qısa müddət ərzində mağazalarının sayını 50-yə çatdırıb. 2009-cu ildə isə Hökməli qəsəbəsində yeni logistika mərkəzi istifadəyə verilib.
2014-cü ildə içki istehsalı müəssisəsini istifadəyə verən “Avrora” 2017-ci ildə aylıq istehsal gücü 6500 ton olan yeni un istehsalı kompleksinin tikintisini başa çatdırıb.
Bu gün şirkət “Bizon”, “Doymak”, “Harika”, “Günaydın”, “Berg”, “Çinarlı” və digər markalar altında məhsul istehsal edir.
2021-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı “Avrora”nın istehsal imkanlarının genişləndirilməsi üçün 25 milyon avroyadək maliyyələşdirməni nəzərdə tutan kredit layihəsini təsdiqləyib.
Şirkət qida istehsalı və satışı ilə yanaşı, digər biznes sahələrində də fəaliyyətini genişləndirib. 2022-ci ildə “Ellab” laboratoriya-diaqnostika mərkəzi, 2023-cü ildə isə polietilen fabriki fəaliyyətə başlayıb.
2023-cü ildə “TamStore” marketlər şəbəkəsi yaradılıb, 2024-cü ildə isə “Oven” şirkəti qrupun tərkibinə daxil olub.
2026-cı ildə “TamStore+” premium marketlər şəbəkəsinin inkişafına başlanılıb, həmçinin “Şaurma N1” restoran və kafelər şəbəkəsi satın alınıb.
“Avrora” məhsullarını Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Türkmənistan, Gürcüstan, Liviya, İsrail və digər ölkələrə ixrac edir.
Şirkətin rəsmi məlumatına görə, hazırda “Avrora”nın 4 mindən çox əməkdaşı və 6 istehsal sahəsi var. Şirkət ölkə üzrə 12 mindən çox ticarət nöqtəsinə məhsul satışı həyata keçirir.
1993-cü ildə 21 yaşlı Ceyhun Abbasovun əsasını qoyduğu “Avrora” bu ilin noyabrında fəaliyyətinin 33-cü ilini tamamlayıb. Ötən müddət ərzində topdansatışla fəaliyyətə başlayan şirkət istehsal, distribusiya, pərakəndə satış, logistika və digər biznes sahələrində fəaliyyət göstərən şirkətlər qrupuna çevrilib.
















