ABŞ-də narkotiklərlə bağlı cinayətə görə artıq 11 ildir ki, həbsdə olan Preston Torp adlı məhkum, bir texnoloji startapın rəsmi proqramçısı olub. Maraqlıdır ki, o, bu işə birbaşa həbsxana kamerasından başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə “TechCrunch” nəşri məlumat yayıb.
Preston Torp son altı ay ərzində ABŞ-nin “Turso” adlı texnologiya şirkəti tərəfindən idarə olunan açıq mənbəli (open-source) bir layihəyə qoşularaq fəal şəkildə proqramlaşdırma işləri görüb. Onun texniki bilikləri o qədər yüksək səviyyədə olub ki, şirkətin baş direktoru Glauber Costa ona rəsmi əməkdaşlıq təklif edib. Elə həmin vaxt Costa Torpun əslində həbsxanada olduğunu öyrənib.
Qeyd edək ki, bu, Torpun əməkdaşlıq etdiyi ilk texnologiya şirkəti deyil. O, daha əvvəl də məhkumlar üçün təhsil proqramları hazırlayan “Unlocked Labs” şirkəti ilə çalışıb. Bütün bu fəaliyyətlər isə ABŞ-ninn Meyn ştatında həyata keçirilən eksperimental bir proqram sayəsində mümkün olub. Sözügedən proqram məhkumlara uzaqdan işləməyə imkan yaradır.
Torp proqramlaşdırmaya məhz həbsdə olduğu müddətdə başlayıb. Pandemiya dövründə Meyn ştatının Mountain View həbsxanasına köçürüləndən sonra ona onlayn təhsil almaq icazəsi verilib və bu yolla o, universitetə daxil olub. Torpun sözlərinə görə, bu dəyişiklik ona “yeni bir başlanğıc” hissi verib və hər şeyin hələ də mümkün olduğunu göstərib.