Keçmiş UFC çempionu, irlandiyalı döyüşçü Konor Makqreqor sosial şəbəkə X-da paylaşım edərək, İrlandiya konstitusiyasına dəyişiklik edilməsini tələb edən petisiya başladığını elan edib.
1xeber.media xəbər verir ki, onun sözlərinə görə, təklif edilən dəyişikliklər onun 2025-ci il noyabrın 11-də keçiriləcək prezident seçkilərində iştirak etməsinə imkan verməlidir.
"Hazırda namizədliyə parlamentin 20 üzvündən və ya dörd qraflıq şurasından dəstək almaq tələb olunur. Bu sistem namizədlər arasında müəyyən siyasi təsirin olmasını təmin etmək məqsədi daşısa da, faktiki olaraq İrlandiya xalqının birbaşa iradəsini məhdudlaşdırır", deyə Makqreqor bildirib.
Makqreqor bu ilin mart ayında qarşıdan gələn prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan etmişdi. Qeyd olunur ki, o, İrlandiyadakı miqrantlara qarşı sərt mövqedə dayanır və bu yaxınlarda ABŞ prezidenti Donald Trampla bu mövzuda görüş keçirib. Görüş zamanı Makqreqor İrlandiya hökumətini qeyri-qanuni miqrasiyanı təşviq etməkdə ittiham edib.
36 yaşlı Makqreqorun son döyüşü UFC 264 turnirində amerikalı Dastin Porie ilə olub. Döyüş ilk raundda dayandırılıb və nəticədə Makqreqor ayağından ciddi zədə alaraq sınıqla rinqi tərk edib.