Aİ sammitində 1,6 trilyon avroluq büdcə və Ukraynaya maliyyə yardımı mübahisə yaradacaq
Avropa İttifaqına üzv ölkələrin liderləri noyabrın 26-da keçiriləcək sammitdə 2028–2034-cü illər üçün nəzərdə tutulan, təxminən 1,6 trilyon avro həcmində yeni büdcəni və Ukraynanın gələcək maliyyələşdirilməsini müzakirə edəcəklər.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, danışıqlar zamanı Aİ ölkələri arasında ciddi fikir ayrılıqlarının yaranacağı gözlənilir. Əsas mübahisə mövzularından biri Ukraynaya 45 milyard avro həcmində kredit ayrılması olacaq. Bu vəsaitin Avropa İttifaqının mövcud büdcəsi hesabına borclanma yolu ilə təmin edilməsi nəzərdə tutulur.
“Reuters”in danışdığı diplomatlardan biri sammitdə gərgin müzakirələrin aparılacağını bildirib.
Onun sözlərinə görə, ölkə liderləri razılığa gəlməzdən əvvəl öz mövqelərini sərt şəkildə müdafiə edəcək və qarşılıqlı narazılıqlarını ifadə edəcəklər.
Beləliklə, sammitdə həm Aİ-nin növbəti yeddi il üçün maliyyə prioritetləri, həm də Ukraynaya əlavə dəstəyin hansı mexanizmlə göstəriləcəyi əsas müzakirə mövzularından olacaq.
















