Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasəti XIX əsrin 60-70-ci illərində yaranan erməni təşkilatlarının mövqeyindən köklü şəkildə fərqlənir. XIX əsrdə yaranan erməni hərəkatlarının əsas məqsədi mifik “Böyük Ermənistan” yaratmaq olub. Bu ideologiya etnik təmizləmə və ərazi iddialarına əsaslanıb.
1xeber.media xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında İsrailin Yaxın Şərq üzrə eksperti Avram Şmuleviç səsələndirib.
Onun sözlərinə görə, Paşinyan ekspansionist və aqressiv addımlardan imtina etməklə Ermənistan siyasətində inqilabi dönüş yaradıb. Bu addımlar Ermənistanın 2020-ci ildəki məğlubiyyətindən sonra mümkün olub və Paşinyanın realist yanaşmasını göstərir.
Ekspert hesab edir ki, Ermənistan daxilində Paşinyanın rəhbərliyində olan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını dəstəkləyən qüvvələrin hakimiyyətdə qalması vacibdir. Əks halda, revanşist və hərbi ritorikanı dəstəkləyən qüvvələr yenidən güclənə bilər.
Avram Şmuleviç bildirib ki, Ermənistan iqtisadiyyatında İran və Rusiyanın xüsusi rolu var və Ermənistan üzərində xüsusi təsir imkanlarına malikdirlər:
“İranda və Rusiyada elə qüvvələr var ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını, Zəngəzur dəhlizinin açılmasını özləri üçün “ölümcül təhlükə” kimi qiymətləndirirlər. Bundan əlavə, İranda və Rusiyada yaşayan erməni diaspor nümayəndələri müxtəlif siyasi proseslərdə fəal iştirak edirlər. Xüsusilə Parisdə, Kaliforniyada fəaliyyət göstərən beynəlxalq erməni təşkilatları da “Türklərə qarşı sonuncu erməniyə qədər mübarizə” ideologiyasını davam etdirirlər. Onlar Nikol Paşinyan hakimiyyətini devirmək üçün hər cür vasitələrdən istifadə edərək regionda sülh prosesinə ciddi zərbə vura bilərlər”.
A.Şmuleviçin fikrincə, Ermənistanın stabilliyinin qorunması Azərbaycan üçün həyati əhəmiyyət daşıyır:
“Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə aid məsələlərin dəyişdirilməsi və sülh prosesinin uğurla davam etməsi üçün əvvəlcə mövcud sazişin köklənməsi və Paşinyan hökumətinin güclənməsi vacibdir. Erkən təzyiqlər sülh prosesinin pozulmasına səbəb ola bilər”.