Böyük Britaniyada on minlərlə xarici tələbəyə hökumət tərəfindən xəbərdarlıq olunub ki, vizalarının müddəti bitdikdən sonra ölkədə qaldıqları halda deportasiya ediləcəklər.
1xeber.media BBC-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi yeni hökumət kampaniyasını tələbə vizası ilə ölkəyə daxil olub müddət bitdikdən sonra sığınacaq üçün müraciət edənlərin sayındakı təhlükəli artım səbəbilə başlatdığını bildirib.
Nazirlik ilk dəfə olaraq xarici tələbələrlə birbaşa SMS və elektron poçt vasitəsilə əlaqə saxlayıb.
Daxili işlər naziri İvet Kuper açıqlamasında bəzi tələbələrin sığınacaq üçün müraciət etdiyini, halbuki onların ölkəsində vəziyyətin dəyişmədiyini vurğulayıb.
Rəsmi məlumatlara görə, iyun ayına qədərki bir il ərzində sığınacaq müraciətlərinin təxminən 13 faizi, yəni 14 min 800 müraciət, Böyük Britaniyada təhsil vizası ilə olan şəxslər tərəfindən edilib. Ən çox müraciət 5 min 700 nəfər olmaqla Pakistan vətəndaşlarından gəlib. Sonrakı yerləri Hindistan, Banqladeş və Nigeriyadan olan tələbələr tutub.
Nazirlik bildirib ki, tələbə vizası sahiblərinin sığınacaq müraciətləri əvvəlki illə müqayisədə azalsa da, bu göstərici 2020-ci illə müqayisədə demək olar ki, altı dəfə artıb. Bununla yanaşı, neçə nəfərin vizasından artıq qaldıqdan sonra sığınacaq üçün müraciət etdiyi açıqlanmayıb.