Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Prezidenti İlham Əliyevə Aktauda AZAL-a məxsus təyyarənin qəzası səbəbindən çoxsaylı insan ölümü ilə bağlı başsağlığı verib.
1xeber.media məlumatına görə, başsağlığında deyilir:
“AZAL” aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bütün dağıstanlılar adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Dərdinizi səmimi-qəlbdən bölüşür, Sizinlə birlikdə kədərlənirik.
Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq".
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.