Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında daha bir telefon danışığının baş tutması diqqət çəkib. Sonuncu belə zəng Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yanvarın 8-də olub. Telefon söhbəti zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, son vaxtlar baş verən hadisələr təmasların intensivləşməsini diktə edir:
“Prezident İlham Əliyev çıxışları zamanı Cənubi Qafqazla, Türk dünyası ilə bağlı mövqeyini bildirərkən Türkiyə-Azərbaycan münasibətlərinə toxunur. Ölkə başçısı dəfələrlə qeyd edib ki, Ankara-Bakı münasibətləri “bir millət, iki dövlət” prinsipləri əsasında davam etdirilir.
Prezidentin yanvarın 7-də ölkə mətbuatında verdiyi geniş müsahibə zamanı da Türkiyə-Azərbaycan münasibətlərinə toxunuldu. Dövlət başçısı qeyd etdi ki, Türkiyə bütün məsələlərdə Azərbaycanın yanındadır. Azərbaycan da eynilə Türkiyənin yanındadır və onu dəstəkləyir”.
Politoloq qeyd edib ki, sonuncu telefon söhbəti zamanı Azərbaycanla Türkiyə arasında mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb:
“İki ölkə regional məsələlərdən ortaq hərəkət edəcəyini bu zənglə bir daha göstərir. Bundan başqa, son zamanlar telefon danışıqları zamanı qlobal məsələlər də müzakirə edilir.
Hazırda dünya siyasi sistemində yenilənmə gedir. Böyük dəyişikliklər ola bilər. Buna görə də iki ölkə bu dəyişikliklər fonunda ortaq atacağı addımları müəyyən etməyə çalışır”