İqlim fəalları Dünya İqtisadi Forumunun (WEF) illik toplantısının əvvəlində “Amazon”un Davosdakı müvəqqəti bazasının fasadına yaşıl boya səpərək helikopterlərin enişinə mane olublar.
Bu barədə 1xeber.media “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, qlobal biznes və siyasi liderlərin forumun açılışı günü gəlməyə başlaması ilə start götürən etirazları dağıtmaq üçün İsveçrə polisinin müdaxiləsi gərəkli olub.
Qalıq yanacaq subsidiyalarına qarşı çıxan etirazçılar “Amazon”un bazasını qurduğu binanın fasadına narıncı simvollar çəkib və şüşə pəncərələrə yaşıl boya səpiblər.
Davosda helikopter meydançasını müvəqqəti olaraq bağlayan “Greenpeace” təşkilatı bəyanatında bildirib ki, aksiya ən varlıların ədalətli şəkildə vergiyə cəlb edilməsi, ətraf mühitin mühafizəsini maliyyələşdirməsi və davamlı gələcəyə sərmayə qoyulması ehtiyacına diqqəti cəlb etmək məqsədi daşıyır.
Polis üzərində “TaxTheSuperRich” yazılmış parlaq sarı plakatlarla helikopter meydançasının girişini bağlayan onlarla etirazçını oradan uzaqlaşdıra bilib.
“Saat yarım ərzində 10-20 helikopteri dayandıra bildik. Gün ərzində yüzə yaxın helikopterin gələcəyini gözləyirik”, - “Greenpeace” fəalı Klara Tomson bildirib.
Helikopter meydançasından tez-tez yüksək vəzifəli siyasətçilər və biznes liderləri İsveçrənin Alp dağlarındakı kurortuna gəlmək üçün istifadə edirlər.