Son dövrlər ictimaiyyətdə müzakirələrə səbəb olan mövzulardan biri mənzil bazarıdır. Əksəriyyət düşünür ki, 2026-cı ildə həm kirayə, həm də satış bazarında mənzil qiymətləri kəskin ucuzlaşacaq. Əmlak sektorunda hələ də aktiv olan tələbat, faiz dərəcələri və iqtisadi göstəricilər bu sahədə maraqlı vəziyyət yaradır.
Mənzil qiymətində eniş gözlənilirmi?
Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyib ki, son beş ildə bazarda hər il təxminən 10% artım müşahidə olunur və qiymət enişi barədə iddialar əsassızdır:
“Mənzil bazarının böyük hissəsi İpoteka və Kredit Zəmanət Fondunun payına düşür. Yəni müştərilər mənzilləri güzəştli şərtlərlə əldə edir, nağd satış isə çox azdır. Buna görə də qiymətin enməsindən danışmaq mümkün deyil. 2026-cı ilin yaz ayına qədər bazarda müəyyən müddət durğunluq ola bilər, lakin bu, uzunmüddətli eniş anlamına gəlmir”.
Ekspert bildirib ki, satış bazasında ipotekaya yararlı, 1980-ci illərdən sonra istifadəyə verilmiş mənzillər azdır:
“Bu, müştərilərin mənzil tapmaqda çətinlik çəkməsi ilə nəticələnir. Nağd müştərilər isə evləri plana düşmüş vətəndaşlardır. Yazdan sonra xüsusilə fərdi evlərdə və şəhərin mərkəzi ilə mərkəzə yaxın ərazilərdə qiymət artımı 15%-i keçə bilər. Bu zonalar hər il aktual qalır və qiymət artımı burada daha çox hiss olunur. Yeni ildən bir sıra çoxmərtəbəli yaşayış kompleksləri istifadəyə veriləcək və çıxarışlar təqdim olunacaq ki, bu da bazarı daha da aktivləşdirəcək. Kirayə mənzil bazarında isə yeni qaydalar, o cümlədən sığorta və vergi tələbləri tətbiq ediləcək. Qiymət endirimləri ilə bağlı ciddi dəyişiklik gözlənilmir”.
Mülkədar Rüstəmov qeyd edib ki, əvvəl ilkin kredit payı 100 min manat idisə, artıq 150-200 min manata qədər yüksəldilib:
“Bu, mənzillərin qiymət artımını təsdiqləyir. Dövlət özü də qiymət artımını dəstəkləyir. Yeni limitlər sayəsində bəzi müştərilər daha əlverişli şərtlərlə mənzil əldə edəcək, ilkin ödəniş 20-30%, kredit müddəti isə 20 ilə qədər olacaq. Torpaq bazarına gəldikdə, Masazır, Xırdalan, Məhəmmədi qəsəbələrində vətəndaşlar artıq fərdi torpaq alaraq öz evlərini tikməyə üstünlük verirlər. Bu trend son bir ildə daha da artıb. Artıq insanlar ev alarkən hazır mənzillərə yox, fərdi tikinti imkanlarına yönəlirlər”.
Ekspert vurğulayıb ki, qiymətlərin enməsi yalnız İpoteka Fondu fəaliyyətini dayandırarsa mümkün ola bilər:
“Bazarın 70-80%-i İpoteka Fondunun müştərilərindən ibarətdir. Əgər fond fəaliyyəti dayandırsa, qısa müddətdə bəzi mənzillərin qiymətində endirim ola bilər, amma bu da müvəqqəti və lokal xarakter daşıyacaq. Son beş ildə belə bir tendensiya müşahidə olunmayıb. Statistikaya görə, bazarda ciddi böhranlar 2007, 2011 və 2015-ci illərdə olub, lakin 2017-2018-ci ildən etibarən bazarda artan dinamika davam edir”.














