Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünü əvvəlkindən qat-qat artıq müstəqil fəaliyyətə qadir hiss edir. 10 il əvvəl Putin bir telefon zəngi ilə Ermənistanla Azərbaycan arasında istənilən münaqişəni dayandıra bilərdi. İndi Prezident Əliyevin Ankaraya da telefonu var. Bundan əlavə, Qərbin İrana münasibəti yaxşılaşmır və Azərbaycan da bundan özünü daha azad hiss etmək üçün istifadə edir.
Bu sözləri erməni politoloq Aleksandr İsgəndəryan erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərindəki son kəskinləşmə həm də onunla bağlıdır ki, Azərbaycan imkanların miqyasının genişləndirilə biləcəyini hiss edir və genişləndirir:
“2020-ci ildə Azərbaycan Rusiya helikopterini vuranda Bakı dərhal üzərinə düşən hər şeyi etdi, çünki Ukrayna müharibəsi yox idi. Aradan xeyli vaxt keçdi və 44 günlük müharibə nəticəsində Rusiya Cənubi Qafqazda hegemon olmaqdan çıxdı, bundan sonra Azərbaycan Türkiyəni bölgəyə buraxdı. Bu, Bakının imkanlar pəncərəsinin genişlənməsi ilə nəticələndi.
Təyyarə ilə bağlı insident Azərbaycanın fərqli davranmaq qabiliyyətinə malik olduğunu göstərmək üçün bir fürsətdir.
Eyni zamanda, Rusiya və Azərbaycanın 2020-ci ildən əvvəlki və 2022-ci ildən sonrakına nisbətən bu gün ümumi maraqları daha çoxdur və Azərbaycan Rusiya üçün Ermənistandan daha dəyərlidir”.