Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirib. Həmin müşavirədə Bakı və Abşeronda tramvay xətlərinin çəkiləcəyi haqda müzakirə aparılıb. Aparılan müzakirələrdən biri də ictimai nəqliyyatın fərdi nəqliyyat vasitələrindən üstün olmasını təşkil etməklə bağlı olub.
Bakıda ictimai nəqliyyat o qədər əlverişli sayılmır. A nöqtəsindən B nöqtəsinə getmək üçün əlavə marşrut dəyişməli olursan. Tez-tez avtobus və metrodan istifadə ilə bağlı çağırışlar edilir.
Hazırda bu nəqliyyat vasitələri nə dərəcədə əlverişlidir? İctimai nəqliyyatın fərdi nəqliyyatdan üstünlüyünü təmin etmək üçün hansı addımlar atıla bilər?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, dəmir yol və metro şəbəkəsi, tramvay xətlərinin yenidən qurulması Bakı şəhərinin Baş planında nəzərdə tutulub.
Onun sözlərinə görə, bu işlər 2040-cı ilə qədər görüləcək:
“Dünənki müşavirədə bu epizodlarla bağlı müzakirə getdi və İlham Əliyev əlavə olaraq tapşırıq və tövsiyələrini verdi. Yəqin proqram təsdiqləndikdən sonra mərhələli şəkildə icra ediləcək. Buna doğrudan da ehtiyac var. Çünki tramvay xətlərinin müəyyən istiqamətlərdə olmasına çox ciddi tələbat yaranıb. Hansı ki, orada ictimai nəqliyyatın digər növlərini, yəni metro və avtobus nəqliyyatını təşkil etmək olmur. Heç olmasa tramvay bu işi görməlidir. Məsələn “Sea Breeze”dən tramvay xətlərinin çəkilməsi nəzərdə tutulur. Bu belə nəzərdə tutulmur ki, sən “Sea Breeze” də tramvaya minib, gəlib “Sahil” metrosunun yanında düşəcəksən. O da bəlli bir nöqtəyə qədər sərnişinləri daşıyacaq. Vətəndaşları ictimai nəqliyyatın digər növləri ilə əlaqələndirmək məqsədilə bunlar həyata keçiriləcək”.
Ekspert deyib ki, tramvayın missiyası insanları şəhərin bu başından o başına qədər gəzdirmək deyil:
“Tramvay bəlli bir nöqtədə sadəcə hərəkət edəcək. İctimai nəqliyyatla bağlı isə bəli, bu məsələlər artıq insanları çox yorur. Avtomobilləşmənin yüksək həddə çatması, avtomobillərin sayının günü-gündən artması, şəhərdə xaotiklik yaradıb. Aparılan təhlillər belə nəticəyə gəlməyə əsas verir ki, avtomobil səfərlərinin 50-60 faizi əslində, ictimai nəqliyyata yönələ bilər. Yəni bu qədər maşın səhər və axşam hərəkət edirsə, deməli, burada yalnız iş prosesini önə çıxarırıq. İş və dərs səhər başlayır, axşam bitir, tıxac, sıxlıq buna görə yaranır. Çünki işə gələn maşınla gəlir, işdən gedən maşınla gedir. Dərsə uşaq gətirən də maşınla gətirir, dərsdən maşınla aparır. Amma çeşidli şəkildə ictimai nəqliyyat yaradılsa metro şəbəkəsi genişlənəcək, tramvay xətləri yaranacaq. Avtobusların sayı arta, intervallar azalarsa, artıq insanlar seçim etmək şansı əldə edirlər. Bilirsiniz, hər kəs öz büdcəsini daha da yaxşı inkişaf etdirməyə çalışır. Bunun üçün ən optimal həll yollarından biri də ictimai və ya şəxsi nəqliyyata xərclənən vəsaiti tənzimləməkdir. Adam fikirləşir ki, uşağı bir həftə məktəbə şəxsi maşınla aparıb-gətirmək ona 50 manata başa gəlir, amma metro və avtobusla 5 manat xərc çəkir. İnsanları bu cür vasitələrlə ictimai nəqliyyata həvəsləndirmək lazımdır”.
Elməddin Muradlının fikrincə, gedişhaqları ilə bağlı insanlara jest edilməlidir:
“Məsələn, müharibə iştirakçıları, fiziki məhdudiyyətli şəxslər, şəhid ailələri, məktəblilər, tələbələr, təqaüdçülər və s. bunlara müəyyən güzəştli kartlar verilə bilər. Ümumiyyətlə, tutaq ki, bir adam aylıq kart üçün 40 manat ödəyirsə, gedib onu illik əldə edəndə misal üçün 30 manata ala bilər. Belə olanda da vətəndaş illik kart almağa üstünlük vermiş olacaq. Tələbələr və s. üçün güzəştli kart məsələləri müzakirə olunur. Bunlar artıq öz təsdiqini tapmalıdır. Buna ehtiyac var. Çünki tələbələr böyük kütlədir. Onları ictimai nəqliyyata qaytara bilsək, yollarda nə qədər avtomobil sayı azalar. Yəni bunları bu gün etməsək, gələcəkdə hər il tələbə adını qazanan nə qədər uşaq varsa, özü ilə ali məktəbə avtomobil gətirəcək. Dediyim məsələlər indidən düşünülməlidir. Çox sevindim ki, bu məsələlərin üzərinə gedildi, Prezident də öz tapşırıqlarını verdi. Artıq bütün proseslər ölkə rəhbərinin nəzarəti altında baş verəcək, tənzimlənəcək. Yəni əvvəlki dövrlərdə üzə çıxan o pis nümunələr, yeyintilər, lazımsız layihələrin icrası, mənasız işlərə pul xərcləmək kimi addımlar atılmayacaq və çox dəqiq şəkildə bu işlər həyata keçiriləcək”.