Son zamanlar bank kartlarına kiberhücumların sayı artıb. Əsas hədəfin isə “Kapital Bank” olduğu deyilir. 3 gün öncə “Birbank”ın mobil tətbiqində yaranan problemin səbəbi Rusiya ilə əlaqələndirilir. Belə ki, iddialara görə, ruslar hücum edib, ona görə bank məcbur qalıb kartları bloklayıb.
Bir vacib detal isə Milli Qəhrəman Hökumə Əliyevanın atasının hesabından pulun çəkilməsi ilə bağlıdır. Bu hadisədə də hədəf məhz “Kapital Bank” seçilmişdi. Rəsmi məlumatlarda bildirilir ki, pulu oğurlayanlardan Ayaz İsgəndərovun cinayət ortaqları xarici ölkə vətəndaşlarıdır. Amma onların hansı ölkə vətəndaşları olduğu açıqlanmadı. Bu məsələdə də şübhələr Rusiyanın üzərinə dikilir.
Doğrudanmı banklara hücum xaricdən təşkil edilir? Bu məsələdə niyə izlər Rusiyaya gedib çıxır?
İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun sözlərinə görə, bu kimi hallarda dələduzlar tez-tez özlərini bank əməkdaşı kimi təqdim edərək, müştərilərdən şəxsi və maliyyə məlumatlarını əldə etməyə çalışırlar.
Onun fikrincə, sübutlar olmadan iddia etmək doğru deyil:
“Bir neçə gün öncə “Kapital Bank”ın mobil tətbiqi “Birbank”da texniki problemlər yaşandı. Rəsmi açıqlamaya görə, bu, texniki nasazlıq idi. Eşidirik ki, bəzi mənbələr bunun kiberhücum nəticəsində baş verdiyini iddia edir. Azərbaycanın maliyyə sektoruna qarşı xaricdən edilən hücumlar mümkündür. Çünki banklar strateji əhəmiyyət daşıyan qurumlardır və xarici kiberqrupların hədəfinə çevrilə bilərlər. Ancaq bu söylənlilər yalnız ilkin fərziyyədir və konkret sübutlar olmadan qəti qərar vermək çətindir. Ümumilikdə, kiberhücumların xarici mənbələrdən təşkil edilməsi də mümkündür. Yəni hər bir hadisə fərqli olduğundan, dəqiq məlumatlar yalnız rəsmi araşdırmalar nəticəsində əldə edilə bilər”.
Politoloq Yalçın Hacızadə deyib ki, texnologiyanın sürətli inkişafı özü ilə problemlər də gətirir:
“Ona görə də həm dövlət qurumları, həm də ayrı-ayrı kommersiya müəssisələri həyata keçirdikləri funksiyalarının əlçatanlığını təmin etmək məqsədi ilə elektron xidmətlər təşkil edirlər. Yəni yeni texnologiyanın yaranması eyni zamanda sosial dəyişiklik və yeni davranış qaydaları formalaşdırır. Bu dəyişikliklərdən də bəziləri yaxşı işlər üçün istifadə edərək, yeni avadanlıqlar, qurğular, proqramlar yaradaraq insanlara, cəmiyyətə, dövlətə fayda verir. Bəziləri də başqalarına zərər vermək üçün istifadə edir. Zərərverənlər daha çox fiziki şəxslərə məxsus bank hesablarından pulların oğurlanması ilə gündəmə gəlirlər. Belə cinayətlərin qarşısının alınması üçün ölkəmizdə dövlət səviyyəsində mübarizə aparılır və bunun üçün müxtəlif kibermübarizə təşkilatları yaradılıb. Eyni zamanda, bununla bağlı beynəlxalq əlaqələr də qurulur”.
Politoloq təəssüf hissi ilə ölkəmizdə də belə halların sayının artdığını qeyd edib:
“Demək olar ki, hər gün kimlərinsə bank hesabından müxtəlif yollarla pul oğurlanması xəbərləri yayılır. Bu, əsasən insanların məlumatsızlığından və bankların işinin təşkilindəki boşluqlardan istifadə edilməklə törədilir. Qanunlar zərurətdən yaranır. Gərək, hansısa sahə üzrə məsələ, problem ola ki, qanunvericiliyin həmin sahəni tənzimləməsi zərurəti yarana. Ona görə hesab edirəm ki, bu sahədə qanunlarımız da təkmilləşməlidir. Çünki son zamanlar bu sahədə kifayət qədər nöqsanlar ortaya çıxır. Adətən, insanların hesablarından pulun oğurlanmasına görə məsuliyyət hesab sahibinin üzərində qalır. Çünki banklar əməliyyatı hesab sahibinin özünün apardığını və ya onun icazəsi ilə hesabına müdaxilə edildiyini bildirir. Həmçinin, belə cinayət əməllərini törədənlərin xarici şəxslərlə əlaqəsi olur, ya da xarici telefon nömrələrindən istifadə edilərək törədilir. Bu da cinayətlərin üstünün açılmasında problem yaradır”.
Yalçın Hacızadə hücumun konkret hansı ölkədən edildiyindən məlumatsız olduğunu vurğulayıb:
“Kapital Bank”da son günlər baş verən hadisənin texniki problem olduğunu, ya da kənardan müdaxilədən yarandığını deyə bilmərəm. “Kapital Bank” ölkəmizdə bank və maliyyə sektorunda əsas paya malikdir, müştəri bazası daha çoxdur. Ona görə mümkündür ki, zərərçəkən insanlar daha çox həmin bankın müştəriləridir”.
globalinfo.az