Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa hesab edir ki, ABŞ Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə danışıqlara başlamaq üçün ilk addımı atmalıdır.
1xeber.media xəbər verir ki, o, Lenta.ru ilə söhbətində dövlət başçıları Donald Tramp və Vladimir Putin arasında təmaslara dair gözləntilərindən danışıb.
“Biz 2014-cü ilin Minsk razılaşmalarından başlayaraq həmişə demişik ki, hazırıq. Biz bunu təkcə deməmişik, hər zaman nümayiş etdirmişik. Əvvəla, təbii ki, Amerika tərəfi hər zaman bunun əksini edirdi. Ona görə də ilk addımlar Amerika tərəfdən atılmalıdır. Və ilk addım Trampın Vladimir Vladimiroviçə zəngi olacaq. Düşünürəm ki, bu söhbətdən sonra onlar nəyisə razılaşdıracaqlar və bu, münaqişənin həlli üçün danışıqlara doğru ilk addım olacaq”, - deyə deputat bildirib.
Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp bir daha Rusiya lideri Vladimir Putinlə danışmaq niyyətində olduğunu bildirib. “Biz çox ciddi müzakirələr aparırıq... Rusiya ilə, bəli”, - respublikaçı bildirib.
Tramp ümid edir ki, tərəflər danışıqlar nəticəsində “əhəmiyyətli bir şeyə” nail ola biləcəklər. O, görüşün başqa təfərrüatları və mümkün tarixləri açıqlamayıb.