"Suriyanın yeni hakimiyyət orqanlarının prioritet vəzifələri enerji və hava nəqliyyatının bərpasıdır".
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərdə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Xüsusilə ölkənin dirçəlməsi üçün vacib olan enerji və hava nəqliyyatı sahələrində mümkün qədər tez ciddi addımlar atılmalıdır", - XİN rəhbəri bildirib.
Fidan qarşıya qoyulan vəzifələrin icrasından sonra ölkə iqtisadiyyatının yaxşılaşacağına ümid etdiyini bildirib. O, Suriya üçün beynəlxalq sanksiyaların aradan qaldırılmasının, eləcə də bütün aktiv silahlı qrupların milli orduda birləşdirilməsinin vacib olduğunu vurğulayıb.
XİN rəhbərinin sözlərinə görə, Suriyanın yeni hakimiyyət orqanları terrorla mübarizəyə diqqət yetirməlidir.