Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. 53 səhifəlik hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib.
Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb. Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Beləliklə, təyyarəmizin Rusiya tərəfindən vurulduğu artıq rəsmi olaraq təsdiqlənib. Rəsmi Bakı Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edir.
1xeber.media modern.az-a istinadla xəbər verir ki , kompensasiya məsələsi Beynəlxaq Mülki Aviasiya qaydalarında öz əksini tapıb.
Qeyd edək ki, fakt təsdiqini taparsa, həmin ölkə üzr istəməli, məsuliyyət daşıyanlar cəzalandırılmalı və təzminat ödəməlidir.
Beynəlxaq Mülki Aviasiya qaydalarına əsasən, mülki aviareyslərdə qəza nəticəsində ölənlərə ödənilməsi üçün xüsusi beynəlxalq valyutadan istifadə edilir.
"Special Drawing right" (xüsusi borcalma hüququ) - SDR kimi adlanan bu valyuta həm Azərbaycan, həm də Rusiya tərəfindən qəbul edilib. Qəza nəticəsində ölən hər sərnişinə görə məsuliyyət daşıyan ölkə tərəfindən 250000 (iki yüz əlli min) SDR kompensasiya ödənilməlidir. Azərbaycan Mərkəzi bankının hadisə gününə olan məzənnəsinə görə 1 SDR - 2.2170 azn olmaqla, kompensasiya məbləği 554250 Azərbaycan manatıdır.
Hadisə baş verdiyi ərazi (Rusiya Federasiyası) üzrə kompensasiya isə 32623433 Rusiya rubl (250000 SDR), yəni 326662 ABŞ dolları edir.
Bu kompensasiya məbləği qəzanın baş verməsinə səbəb olan ölkə, yəni Rusiya tərəfindən vətəndaşlığından asılı olmayaraq qəzada ölən şəxslərin ailə üzvlərinə və dəymiş maddi zərərə görə AZAL-a ödənilməlidir.
250000 SDR məbləğ maksimal kompensasiya məbləğidir. Monreal konvensiyasına görə, minimal kompensasiya məbləği 150000 SDR-dir.