Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə Azərbaycan arasındakı gərginliyə dərhal son verə bilər, ancaq bunu istəmir.
1xeber.media xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Analitik qeyd edib ki, Rusiyanın ölkəmizə qarşı sərgilədiyi münasibət düşünülmüş plana oxşayır:
“Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirmək planlarını rədd edir: “Biz bölgəni xaosdan qorumaq və onu əməkdaşlıq və tərəqqi zonasına çevirmək üçün əlimizdən gələni edəcəyik”.
Qaluzin bunun Rusiyanın köklü marağına cavab verdiyini vurğulayıb. Biz isə tam əksini müşahidə edirik, Rusiya Azərbaycanla münasibətləri gərginləşdirməklə, özü bölgədə xaos yaradır. Kremlin Cənubi Qafqazın aparıcı dövləti ilə münasibətləri gərginləşdirməsi mövcud vəziyyətdən çıxış yolları axtarmaması düşünülmüş planın tərkib hissəsinə oxşamağa başlayıb.
Rusiya Prezidenti Vladimir Putin gərginliyə dərhal son verə bilər, ancaq görünür, bunu istəmir. Türkiyə bir neçə il əvvəl onun hava sərhədini pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki dövlət bir müddət küsülü qaldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına üzrxahlıq məktubu göndərdi və ikitərəfli əlaqələr normallaşdı. İndi Putin eynisini Azərbaycana münasibətdə eləmək istəmir. Belə olan halda, Putin Azərbaycana qarşı təzyiq siyasətinə üstünlük verəcək və proses artıq “qaralama təbliğatı” vasitəsilə başlayıb”.
Elxan Şahinoğlu qeyd edib ki, rəsmi Bakı Moskvanın gedişlərini cavabsız qoymayaraq, adekvat addımlar atır:
“Rusiya prezidenti İkinci Dünya Müharibəsinin bitməsinin 80 illiyi ilə bağlı 9 mayda Moskvada keçiriləcək tədbirə Ermənistan Baş naziri Nikol Paşinyanı da dəvət edib. Rusiyaya tərəfdaş olan ölkələrin liderlərinin bir qismi də dəvətlidir. Münasibətlərin indiki vəziyyətində Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakı mümkün deyil”.