Keçən ilin dekabr ayının 25-də Rusiyanın hava məkanında vurulmuş AZAL-a məxsus "Embraer 190" təyyarəsinin ekipaj üzvlərinin danışıqlarının daha bir hissəsi dərc edilib.
1xeber.media TASS-a istinadən xəbər verir ki, Rusiyanın "Baza" teleqram kanalı qəzaya uğrayan təyyarənin pilotlarının yeni stenoqramını yayıb. Stenoqramın həqiqiliyi və "Baza"ya necə ötürüldüyü suallar doğurur.
Kanal bildirir ki, Aktauda qəzaya uğrayan AZAL reysinin ekipajı Qroznı hava limanına enə bilmədiyi üçün "müstəqil olaraq" Bakıya, oradan isə Aktauya uçmaq qərarına gəlib.
Nəzarətçilər üç dəfə "Embraer 190"ın kapitanından fövqəladə vəziyyət elan etmək niyyətində olub-olmadığını soruşsalar da, guya o, “təyyarə yaxşıdır” cavabını verib.
Bundan əlavə, telekanal yazır ki, quşlarla toqquşma və təyyarənin göyərtəsində qaz balonunun partlaması ilə bağlı versiyanı təyyarənin komandiri səsləndirib.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.