“Qarayev Residence” kimi tanınan “Kursus-Nizami” MTK-nın Nizami rayonu ərazisində binalardan sakinləri faktiki zorla çıxarır, qanunsuz söküntü işləri aparır. Məhkəmələr gedir, vəziyyətdə heç bir dəyişiklik yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.“Sonuncu dəfə verdiyim açıqlamadan sonra da müsbətə doğru heç nə baş verməyib. Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz sərəncamı belə onlara icazə verməyib ki, sakinlərlə razılığa gəlmədən, məhkəmənin qərarı olmadan ərazidə söküntü işləri aparsınlar. Amma gedib baxmaq belə kifayətdir ki, görəsiniz, binalar artıq yoxdur, qapı-pəncərələrini sındırıb aparıblar, yaşayış şəraiti yoxdur. İnsanlara söz verirlər ki, guya gələcəkdə nəsə tikiləcək, mənzil alacaqsınız. Bir sıra belə binalar görmüşük, söz veriblər, amma sonda tikməyiblər. Hər halda bu boyda sahədə bina tikənlər adi adamlar deyil və bütün dövlət orqanları da bunların qulluğundadır. Heç polis də işlərinə qarışmır. Məhkəmədə lap ağını çıxarmışdılar, amma orada həll edə bildik. Deyim ki, əllərindən hər şey gəlir? Yox. Əllərindən hər şey gəlsəydi, yəqin ki, məhkəmədə bütün lazımi qərarlara nail ola bilərdilər...”
Xatırlatma: Ötən ilin noyabrında "Qarayev Residence" kimi tanınan "Kursus-Nizami" MTK-ya inzibati protokol yazılıb. Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Bir daha bildiririk ki, "Sədərək" ticarət mərkəzinin rəhbərinə məxsus olduğu bildirilən və qanuni təmsilçisi Elnur Cəlal oğlu Hüseynov olan MTK-nın da mövqeyi olarsa, dərc etməyə hazırıq.