“BBC News Azərbaycanca”nın ölkəmizdəki ofisinin bağlanmasına qurumun öz reaksiyası həqiqətən çox orijinal oldu: “Könülsüz olaraq gedirik...”
Zalım uşaqları, gedər ayaqda da adamı ağlatmamış, kövrəltməmiş getmirlər. Az qalırsan, arxalarınca su atasan...
Əlbət ki, könül dediyin bu hicranı hələm-hələm həzm etməz. Yerinizi təzə rahatlamışdız, donosları, dezoları, saxta informasiyaları indi-indi sistemə salıb lazım olan yerlərə ötürürdüz, ofisinizin bütün mərdimazarlar üçün pənah qapısına çevrilməsindən yeni-yeni bütün anti-Azərbaycan qüvvələri xəbər tuturdu...Və birdən, gözləmədiyin halda qayıdalar ki, şələ-şülənizi yığın, “göyərçinlərinizi” gedib başqa yerdə uçurdun....
İşdimi bu? Deyil, “vallah”. Ona görə də gərək “BBC Azərbaycanca” ən azından müəyyən məqamları aydınlaşdırardı. Məsələn, soruşardı ki, yaxşı, tutaq biz getdik, o zaman illərdir bəslədiyimiz yetimlərin, casusların, siyasi qolçomaqların aqibəti necə olacaq? Ya da ərsəyə gətirdiyimiz törəmə təşkilatların, media qurumlarının? Ortalıqda bu boyda fəaliyyət var, təxribat tərəfi indidən, 3 il, 5 il əvvəldən ssenariləşdirilən, planlanan hadisələr var, milyon dollarların müqabilində yaradılan kəşfiyyat şəbəkəsi, anti-milli ünsürlərin rahat salındığı hörümçək toru var, erməni lobbisinə, fransız qardaşlara verilən sözlər, qarşıda tikiləsi torbalar, yazılası qərəzli yazılar, yaramazca hazırlanası video-çarxlar var.
Necə durub gedəsən?! Üstəlik, könüllü?!
Bu arada, casus şəbəkəsinin təsbehi də incələn yerdən qırılıb və iki gün öncə həmin təsbehin növbəti daşı – Nurlan Libre də yuvarlanaraq yerə düşüb.
Və mənə çox maraqlıdır, sırada kimdir görəsən?!
Hər halda görünən budur, qabağa düşmək istəyənlər yetərincədir. Məsələn, üzərinə “sancaq” taxıb gəzən gədə. Hansı ki, ana tərəfdən erməni bağlılığı artıq kimsədə şübhə doğurmur və özünə bənzəyən qardaşı da Avropa Şurasının kuluarlarında, əsasən də bufetində yalnız erməni əsillilərə xidmət edir, erməni rəfiqəsi ilə (həmin xanım uzun müddət soyadını dəyişərək Azərbaycan mediasında çalışıb) hərlənir, erməni diasporunun fəal üzvü Şvabenin “mətbuat xidməti” funksiyasını həyata keçirir və nəhayət: komitə iclaslarında erməni nümayəndə heyətinin tən ortasında əyləşir.
Digər maraqlı (həm də “perspektivli”) personaj isə Osmanqızıdır. Bu adam Amerikada saxta sənədlərlə yaşayır və ona görə də Trampın miqrantlarla bağlı sərt addımlarından sonra ciddi təşvişə düşüb. Ayrıca, düşünürəm ki, Azərbaycanın ekstradisiya ilə məşğul olan müvafiq qurumları (əsasən Baş Prokurorluğun nəzdində olan Beynəlxalq şöbə) indiki məqamda iş sürətini artırsa və “İnterpol”la daha intensiv işləsə ən uzağı Novruz bayramına qədər əli qandallı Sevinci hava limanında təyyarədən düşən formada seyr edə biləcəyik...
***
Eyni zamanda ən son gələn məlumatlar budur ki, artıq casus şəbəkəsinin üzvləri “içəridə” bir-birini ciddi şəkildə ittiham edir və beləcə bütün “düyünlər” təbii formada açılır.
Yadıma bir anlıq Beriyanın istintaqından fraqment düşdü. Keçmiş DTK sədrinin cəlladlarından birinə şahid kimi yazılı ifadə vermək təklif edilərkən həmin cəllad belə bir cavabda bulunmuşdu: “Xəttim pisdir, olar üzünə durum?!”
İnanın, bir azdan anti-Azərbaycan korpusunun timsalında da eyni, bənzər hadisələrə şahidlik edəcəyik.
Çünki, tarix və zaman xəyanətkarların xislətini, xarakterini dəyişmir...
Ən sonda. Elə bu yazını qələmə alarkən mediada belə bir xəbərə rastladım ki, Türkiyədə “FETÖ”ya məxsus “Maydonoz” adlı dönər şəbəkəsi ifşa edilib və onların Bakıda da filialları var.
FETÖ və Maydonoz. Əslində, həmahəng səslənir. Niyə? Ona görə ki, hər ikisinin mahiyyəti “həftəbecər fəlsəfəsi”nə əsaslanır, qatmaqarışıqdır və ən vacibi: insan həyatı üçün ZƏRƏRLİDİR!
Əgər Bakıdakı filiallar da sadəcə ad deyil, həm də mahiyyət etibarilə Türkiyədəkilərə bağlıdırsa, o zaman əmin olun: həmin məkan biznes amacı ilə açılmayıb və hüquq-mühafizə orqanları azacıq müşahidə aparsalar görəcəklər ki, onların fəaliyyəti sadəcə yaxınlıqdakı strateji obyektləri güdməkdən, gizlin çəkilişlər aparmaqdan, hətta dönər aparatının özünə belə binokl və kamera sistemi quraşdıraraq Pensilvaniyadakı ofisə gərəkli olan informasiyaları toplamaqdan ibarət olub.
P.S. Tanrı Prezidentimizə güc və səbr versin!
Çünki bu qədər nankorla, casusla, namərdlə, xəfiyyə ilə eyni anda mübarizə aparmaq və dövləti bütün təhdidlərdən qorumaq həqiqətən də çətin, çox çətin, hətta qavradığımızdan, dərk etdiyimizdən, təxmin elədiyimizdən belə daha çətin məsələdir...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.