“Ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilən zaman Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinin paytaxtı Pekinə səfər etmişdi”.
Bunu Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev Oval ofisdə yaşanan Tramp-Zelenski gərginliyinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, Şoyqu rus hakimiyyətində Çini ən yaxşı tanıyan şəxslərdən biridir və coğrafi yaxınlıq səbəbindən bu ölkə ilə çox güclü əlaqələrə malikdir:
“Heç təsadüfi deyil ki, Şoyqu müdafiə naziri olduğu dövrdə Rusiya və Çin arasında hərbi əlaqələr güclənmişdi. Rusiya Prezidenti Vladimir Putin Şoyqunu Pekinə göndərməklə çox doğru seçim etdi. Ancaq Pekin hökuməti dünən faktiki olaraq oyun oynadı. Şoyqu Çin rəsmilərinə israrla Ukraynadakı müharibə haqqında danışırdı, Çin rəhbəri isə ikitərəfli münasibətlərin inkişafına yönəlik açıqlamalarla kifayətləndi”.
Z.Əmrəliyev deyib ki, dünən Ağ Evdə baş tutan görüş və Şoyqunun Pekin səfəri rus mediasında çox da sevincli qarşılanmayıb:
“Belə başa düşülür ki, Sergey Şoyqu Ukrayna ilə bağlı Çindən istədiyini ala bilməyib. Zelenski rus mediası tərəfindən çox sərt formada tənqid edilirdi. Bu da gözlənilən idi. Ancaq maraqlı olan odur ki, Çinin Ukrayna ilə bağlı siyasəti də dünən Rusiyada bir neçə verilişdə tənqid olunub. Nəticə olaraq Moskva Pekindən konkret mövqe gözləyir”.