COP29 Azərbaycanın təbliği üçün mühüm platformadır
Hazırda Azərbaycan dünyanın ən böyük, həm də mahiyyətinə görə ən mühüm tədbirinə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi qərarının verilməsindən sonra ötən bir il ərzində bu istiqamətdə mühüm tədbirlər görülüb, hazırlıqlar ən yüksək səviyyədə aparılıb.
Maraqlı məqamlardan biri budur ki, bu tədbirə hazırlıqlarla bağlı işlərə başlayandan Azərbaycana qarşı qarayaxma kampaniyalarına da start verilmişdi. Xüsusilə Qərb dairələrində hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilən qüvvələr, o cümlədən QHT-lər, müxtəlif lobbi dairələri və fəaliyyətini qeyri obyektivlik və yalan üzərində qurmağa çalışan media orqanları, ayrı-ayrı siyasilər, bir gün belə ara vermədən, ölkəmizi müxtəlif absurd
mövzularda ittiham edərək tədbiri boykot etməyə çağırırdı.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında həmin dairələrə mesaj göndərməyi də unutmadı: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min
qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş
gəlmisiniz!”.
Digər vacib məqam ondan ibarətdir ki, ölkəmiz hətta COP29 kimi nüfuzlu bir tədbiri keçirməsəydi belə, unudulmamalıdır ki, Azərbaycan yenə də dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas şəkildə yanaşan azsaylı ölkələrdəndir. Çünki ölkəmiz qlobal ekoloji problemlərə şifahi çağırışlarla yox, əməli yanaşması ilə seçilir. Təsadüfi deyil ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair 5 milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildiyi rəsmi səviyyədə qəbul olunub. Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin
gerçəkləşdirilməsi istiqamətində əməli işlər görülür. Azərbaycan 1990-cı illə (baza ili) müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını qarşıya məqsəd qoyub. Bununla yanaşı, elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib.
BMT-nin Baş katibi Antonio Quterreş də COP29 Liderlər Sammitinin açılışında bu mövzuya töxunaraq bildirdi ki, iqtisadi zərurət hər yeni bərpa olunan enerji mənbələrinin tətbiqi, hər innovasiya və hər qiymət azalması ilə daha aydın və inandırıcı olur. Keçən il ilk dəfə olaraq elektrik şəbəkələrinə və bərpa olunan enerji mənbələrinə investisiyaların həcmi qalıq yanacağa çəkilən xərcləri üstələyib. Demək olar ki, hər yerdə günəş və külək enerjisi
yeni və ən ucuz elektrik enerjisi mənbələrinə çevrilir. İnsanları iqlim böhranının dağıdıcı nəticələrindən qorumaq üçün daha çox iş görməyə çağıran Baş katib hər kəsi üç prioritetə diqqət yetirməyə çağırdı: Birincisi, qlobal temperatur artımını məhdudlaşdırmaq üçün emissiyalar təcili surətdə azaldılmalıdır ki, bunun üçün də emissiyaların hər il 9 faiz azaldılması vacibdir. 2030-cu ilə qədər emissiyalar 2019-cu ildəki səviyyə ilə müqayisədə 43
faiz azalmalıdır. Eyni zamanda, qlobal qalıq yanacaq istehsalı və istehlakını 30 faiz azaltmalı, zəruri investisiyaları cəlb etmək üçün milli enerji keçidi strategiyalarını və dayanıqlı inkişaf prioritetlərini iqlim fəaliyyətləri ilə uzlaşdırmalıdırlar. BMT-nin Baş katibi bütün ölkələrin bu işə öz töhfəsini verməyinə çağırış edərək, paralel olaraq da G20 ölkələrinin bu işə liderlik etməyini dilə gətirdi. Bunu da onunla əsaslandırdı ki, G20-yə daxil olan ölkələr ən böyük emitentlərdir və ən böyük imkanlara, eləcə də məsuliyyətə malikdirlər və inkişaf etmiş
ölkələrin dəstəyi ilə inkişaf etməkdə olan iqtisadiyyatlara texnoloji nou-haularını birləşdirməlidirlər.
Vurğulamaq lazımdır ki, BMT Baş katibinin səsləndirdiyi prioritetlər Azərbaycanda son illərdə həyata keçirilən dövlət siyasətinin ana xəttini təşkil edir. Hamımıza məlumdur ki, son 30 ildə məlum münaqişə səbəbindən Azərbaycan ekoloji mühitinin mühüm bir hissəsi dağıdılmış vəziyyətdədir. Buna görə də həm də ekoloji çirklənməyə məruz qalan azsaylı ölkələrdəndir. 4 il bundan əvvəl torpaqlarımız işğaldan azad olunsa da, həmin ərazilərdə yayılmış mina terroru hələ də bu sistemi təhdid edir. Üstəlik işğal dövründə həmin ərazilərdə su mənbələrindən kortəbii istifadə, meşə və qiymətli ağac növlərinin kütləvi məhv edilməsi, fauna-flora disbalansının yaranması ölkəmizə milyardlarla dollar həcmində ekoloji ziyan vurub. Amma bütün bunlara baxmayaraq, ərazi bütövlüyümüzün təmin olunmasından sonra Azərbaycan Prezidenti tərəfindən bu bölgələrin dirçəldilməsi üçün çox mühüm və innovativ konsepsiyalar ortaya qoyulub. Yaşayış məntəqələrinin “ağıllı şəhər”, “ağıllı kənd” layihələri üzrə yenidən qurulması, təbiət ərazilərinin sürətli və ən yüksək səviyyədə bərpa olunması, eləcə də getdikcə artan enerji tələbatının daha çox “yaşıl enerji” mənbələrindən istifadə olunaraq təmin
edilməsi qlobal iqlim dəyişikliyinə verilən ən böyük töhfədir.
Sadalanan layihələr təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, ümumilikdə ölkənin digər regionlarında da tətbiq edilir. Ölkə başçısının Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvan Muxtar Respublikasını da “yaşıl enerji” zonası elan etməsi bunu bir daha təsdiq edir. Hazırda paytaxt Bakıda, eləcə də ölkənin digər regionlarında, həmçinin muxtar respublikada davam etdirilən “yaşıl enerji” layihələri Azərbaycanın qlobal ekoloji təhdidlərlə mübarizədə atdığı mühüm addımlardandır.
Bunu da qeyd etmək lazımdır ki, ölkə başçısı cənab İlham Əliyevin atdığı məqsədyönlü addımlar nəticəsində Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, həm də “təmiz enerji” ölkəsi olmaq üçün qollarını çırmayıb. COP29 kimi tədbirə evsahibliyi edən ölkəmizin
əsas məqsədi həm də bu tədbirin nəticəli olmasına, qlobal dünyanı təhdid edən ekoloji problemlərə dünya ölkələrinin yanaşması və burada ortaq məqsədlərin müəyyənləşdirilməsinə nail olmaqdır. İnanırıq ki, sessiyanın növbəti günlərində ediləcək çağırışlar və əldə olunacaq razılaşmalar qlobal ekoloji problemlərin həllində Azərbaycanın vacib rolunu bir daha ortaya qoyacaq.
Ağadadaş Həsənov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı