Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün Avropa İttifaqı (Aİ) Kiyevə hərbi dəstəyi artırmalıdır.
1xeber.media xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib.
"Biz hamımız bununla razıyıq. Və mən davam edən müzakirələrimiz nəticəsində bir neçə Aİ-yə üzv dövlətin son günlər öz üzərinə yeni öhdəliklər götürdüyünü görməkdən məmnunam", - deyə avropalı siyasətçi bəzi Aİ ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin Varşavada keçirilən qeyri-rəsmi görüşündən sonra jurnalistlərə bildirib.
O əlavə edib ki, Paris bu yaxınlarda Kiyevə iki milyard avro məbləğində əlavə hərbi yardım paketi elan edib. Almaniya yaxın vaxtlarda 12 milyard avroya qədər, İsveç isə Ukraynaya 1,4 milyard avro hərbi yardım ayırmağa hazırdır. Kallas onu da vurğulayıb ki, 2025-ci ildə Avropa İttifaqı Kiyevə iki milyon artilleriya mərmisi ötürmək üçün bütün səylərini göstərəcək.
Onun sözlərinə görə, bu, Avropalı müttəfiqlərin birgə səyləri ilə həyata keçirilə biləcək tamamilə “real və əldə edilə bilən” plandır.
Daha əvvəl Kaja Kallas Aİ-ni ABŞ-dan hərbi texnikadan asılılığını azaltmağa çağırıb. O qeyd edib ki, Avropa bütün lazımi sursat və avadanlıqları təkbaşına istehsal etməyi öyrənməlidir.