Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST) köhnə dostu ilə yenidən anlaşıb.
1xeber.media tribunainfo.az-a istinadla xəbər verir ki, Agentlik ötən gün keçirdiyi tenderin nəticəsini açıqlayıb.
Belə ki, Tərtər DOST filialı üçün müxtəlif növ avadanlıqların satınalınması həyata keçiriləcək. Bununla bağlı isə DOST-un köhnə dostu “MAC CONSTRUCTİON” MMC ilə satınalma müqaviləsi bağlanılıb. Müqavilənin dəyəri isə 497 min 551 manatdır.
Tribunainfo.az bildirir ki, bu, “MAC CONSTRUCTİON” MMC ilə DOST Agentliyi arasında təkcə, 2025-ci ildə bağlanılmış sayca üçüncü tender müqaviləsidir. Buna qədər isə tərəflər arasında 755 min 606 manatlıq Neftçala DOST filialı üçün müxtəlif növ avadanlıqların satınalması və 1 milyon 230 min 938 min manatlıq Naxçıvan DOST Mərkəzi üçün mexaniki avadanlıqların satınalınması prosesi həyata keçirilib.
Araşdırma zamanı o da məlum olub ki, “MAC CONSTRUCTİON” MMC yarandığı gündən bəri yalnız ƏƏSMN və onun tabeliyində olan qurumların tenderinə qatılıb və qalib olub. Şirkət digər dövlət qurumlarının tender müsabiqələrində iştirak etməyib.