Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra regionlarında enerji və logistika infrastrukturuna zərbələr endirib. Hücumlar nəticəsində Xarkov, Jitomir və Dnepropetrovsk vilayətlərindəki elektrik yarımstansiyaları, eləcə də Krivoy Roq İstilik Elektrik Stansiyası hədəf alınıb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, Xarkov şəhərində 330 kV-luq, Dnepropetrovsk vilayətinin Verxnedneprovsk qəsəbəsində 150 kV-luq, Jitomir vilayətinin Malin şəhərində isə 110 kV-luq elektrik yarımstansiyaları vurulub. Həmçinin Dnepropetrovsk vilayətinin Zelenodolsk şəhərində yerləşən Krivoy Roq İstilik Elektrik Stansiyasına zərbə endirilib.
Bundan başqa, Rusiya ordusunun Kiyev vilayətində “Nova Poşta” logistika terminalını, Odessa vilayətində isə “Nerubayskoye” və “Blum” logistika mərkəzlərini vurduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi Qara dəniz akvatoriyasında Ukrayna Silahlı Qüvvələri üçün ikili təyinatlı yüklər daşıdığı iddia edilən quru yük gəmisinin də hədəfə alındığını açıqlayıb.
















