Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir
Bu gün ölkəmizdə dünya səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı baxımından diqqətdə olur. Son illər Azərbaycan yaşıl və daha dayanıqlı enerji landşaftına keçiddə nəzərəçarpacaq irəliləyişlər əldə edib.
Ölkə beynəlxalq sərmayə və əməkdaşlıq üçün mərkəzə çevrilməklə yanaşı, təmiz enerji layihələrində də əsas oyunçu kimi mövqeyini möhkəmləndirib. Qlobal miqyasda ekoloji cəhətdən təmiz enerji istiqamətində Azərbaycanın uzaqgörən addımları onun enerji portfelinin şaxələndirilməsi, karbon emissiyalarının azaldılması və ekoloji cəhətdən təmiz texnologiyaların istifadəsi yönündə düşünülmüş səylərinin göstəricisidir.
Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Azərbaycanın iqlim siyasəti ilə bağlı bir çox mühüm məsələləri gündəmə gətirərək bildirdi: “Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri
neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir.
Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki- əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır.”
COP29-un qarşısında duran əsas məqsədlərdən biri iqlim maliyyəsi ilə bağlı məsələ hesab olunurdu. Bakıda müzakirələrin ardınca, artıq bir sıra beynəlxalq maliyyə korporasiyaları və bank strukturlarının iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracaqlarına dair bəyanatları, o cümlədən Dünya Bankının 170 milyarda yaxın vəsait ayıra biləcəyini bəyan etməsi COP29-da danışıqlar üçün əla
mühitin hakim olmasını deməyə əsas verir. Dünya ölkələrinin liderlərinin COP29 sammitində iştirakı Azərbaycana və onun yaşıl enerji sahəsindəki fəaliyyətinə hörmətdən irəli gəlir. 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi sammitin mötəbərliyindən xəbər verir. Bu fakt, həmçinin aparılan qarayaxma, kampaniyasının fiaskoya uğradığını göstərir.
Prezident İlham Əliyev çıxışında haqlı olaraq vurğuladı ki, bəzi xarici media resursları, beynəlxalq təşkilatlar, vətəndaş birlikləri bəzi qüvvələrin əlində siyasi alətə çevrilib. Onların anti-Azərbaycan fəaliyyəti heç bir halda Bakıda keçirilən COP29 sammitinə kölgə salmaq gücündə deyil. Göründüyü kimi, Azərbaycan bu cür çirkin kampaniyalarla çox üzləşib. “Avroviziya- 2012” və Birinci Avropa Oyunlarında, eləcə də digər böyük beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində ölkəmizə qarşı həyata keçirilən iyrənc siyasətləri ifşa etmişik, cavablarını vermişik.
Bütün fəaliyyətini beynəlxalq hüququn normalarına uyğun quran, beynəlxalq təşəbbüslərin fəal iştirakçısı olan, demokratiya və insan haqlarının müdafiəsinə önəm verən Azərbaycanın cavablandıra bilməyəcəyi ittiham və iddia yoxdur. Ermənistan və onun arxasında duran Fransa, Niderland, Almaniya kimi ölkələrdən fərqli olaraq Azərbaycan heç vaxt etnik təmizləmə siyasəti həyata keçirməyib, işğalçı dövlət olmayıb. 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi dünya ölkələrinin ölkəmizə olan hörmət və etimadının təsdiqidir.
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib. Dövlət başçımız tədbirdə iştirak edərək bildirib ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə
qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz
qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
Bu gün Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Dövlət başçımızın qeyd etdiyi kimi, biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.
COP29-un sədri kimi Azərbaycan, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr arasında konsensusun əldə olunmasına töhfə verməyi hədəfləyir. Bu, qlobal iqlim dəyişikliyi ilə mübarizədə ortaq və səmərəli həll yollarının tapılması üçün böyük əhəmiyyət daşıyır.
Cavanşir Nəsirov,
Sabirabad rayon Ulacalı kənd sakini, təqaüdçü