Prezident İlham Əliyevin ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı Azərbaycanda narıncı inqilab cəhdləri ilə bağlı açıqlaması diqqət çəkib. Prezident 2005-ci ildə bu cəhdləri ABŞ Dövlət Departamentinin təşkil etdiyini bildirib.
Dövlət başçısı hazırda ölkədə maliyyə sisteminə tam nəzarət edildiyi üçün belə bir cəhdin həyata keçirilməsinin daha çətin olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün “qrant” adlanan vəsaitlər indi qeydiyyatdan keçməlidir. Burada pul qaçaqmalçılığı çox çətindir. Prezident bəzi dairələrin pulları Gürcüstan vasitəsilə Azərbaycana çatdırdığını, bu ölkədəki Qərb qeyri-hökumət təşkilatlarının xaricdən nəzarət edilən banklar vasitəsilə köçürmələr etdiyini deyib.
“Ümidvaram ki, bu bitəcək, çünki tamamilə faydasızdır, mənası yoxdur. Kimin kim olduğunu hamı bilir. Amma buna baxmayaraq, bizdə zəmanət yoxdur ki, onlar bir gün yenə də bir kukla gətirib prezident kürsüsünə otuzdurmaq, sonra da yenidən Azərbaycanı istədikləri kimi idarə etmək fikrinə düşməyəcəklər”, – İlham Əliyev diqqətə çatdırıb.
1xeber.mediaxəbər verir ki Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidenti ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu:
“Prezidentin çıxışı hər şeydən öncə yeni dünya nizamının qurulduğu bir zamanda baş verən siyasi, iqtisadi, hərbi proseslərin Azərbaycan nöqteyi-nəzərindən dəyərləndirilməsi idi. Bu kontekstdə ortaya çıxan əsas məsələlərdən biri ölkəmizin regional aktor kimi təsiridir.
Şübhəsiz ki, əgər gözümüzün qarşısında tarixi hadisə baş verirsə, beynəlxalq münasibətlərin yeni paradiqmaları yaranırsa, mexanizmlərin də yenilənməsi lazımdır. Məhz bu günə qədər dövlətlərarası münasibətlərdə istifadə edilən QHT, insan haqları təşkilatları, media subyektləri yeni tarixi mərhələdə, yeni formada mütəşəkkil təşəkkül tapmalıdır”.
Deputat əlavə edib ki, ABŞ və Qərb uzun illər QHT və insan haqları təşkilatları vasitəsilə milli dövlətlərin daxili işinə müdaxilə edərək rəngli inqilablar həyata keçiriblər:
“Lakin dəyişən şərtlər və reallıqlar fonunda artıq qeyd olunan siyasət və niyyət ifşa edilib. Bu da öz növbəsində adıçəkilən QHT və insan haqları təşkilatı, habelə, media subyektlərini sıradan çıxarır.
Dövlətin daxili işlərinə bu və ya başqa formada müdaxilə artıq bitməlidir. Yeni sistemdə belə hallara yer yoxdur”.