Son zamanlar müzakirə olunan məsələlərdən biri də kibercinayətkarlarla bağlıdır. Artıq bəzi fırıldaqçılar başqalarının adına onlayn kredit götürür. Bu çirkin niyyətləri üçün şəhid ailələrinin adından istifadə edirlər.
Şəxsin özü olmadan adına kredit götürmək mümkündürmü?
1xeber.media xəbər verir ki,Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, vətəndaşın özü olmasa, kredit götürmək mümkün deyil:
“Vətəndaşın özü olmadan nə elektron, nə də fiziki sürətdə kredit verilmir. Hətta elektron kreditlərdə də şəxsin SİMA proqramı ilə identifikasiyası həyata keçirilir. Eyni zamanda kredit götürən adamın elektron imzası olur. Bunlarsız kredit verilmir! Bəli, bankın əməkdaşı hansısa formada dələduzluq edə bilər, amma burada vətəndaş özü imza atmayıbsa, təsdiq etməyibsə bu, dələduzluqdur”.
İqtisadçı deyib ki, adam banka gəlməyib, lakin adına kredit sənədləşdirilibsə bu, onun kredit götürməsi demək deyil:
“Vətəndaş kredit götürməyi təsdiq edibsə, imza atıbsa və ya elektron imzasından istifadə edibsə, burada onun adına kredit götürülüb demək deyil, pulun vətəndaşın kartından oğurlanması deməkdir. Bilirsiniz, vətəndaş evində yata-yata bütün sənədlərini götürsələr də, adına kredit götürə bilməzlər. Qanunvericilik buna imkan vermir”.