Xarici ölkələrdən Azərbaycana mal-qara idxalı artıb. Hazırda bazarlarda qoyun ətinin kiloqramı 20-21 manata satılır.
Bəs idxalın artması qiymətlərə təsir edəcək?
Metbuat.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, son beş ilin statistik göstəricilərinə nəzərən, Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunur.
Onun sözlərinə görə, xırdabuynuzlu heyvanların sayı ümumilikdə bir milyondan çox azalıb və bu rəqəm 1 milyon 200 minə yaxınlaşıb. İribuynuzlu heyvanların sayında isə 300 minə yaxın azalma olub:
“Hazırda daxili bazarda ətə olan tələbat kifayət qədər yüksəkdir. Lakin yerli istehsalçılar bu tələbatı ödəməkdə çətinlik çəkirlər. İribuynuzlu və xırdabuynuzlu heyvanların azalması səbəbindən diri mal-qaranın idxalına üstünlük verilir.
İqtisadçı qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi maldarlıqla məşğul olan şəxslərə verilən dəstək mexanizmlərinə yenidən baxmalıdır:
“Yem bazasına çıxış imkanları artırılmalı, yem məhsulları ucuzlaşdırılmalı, baytarlıq xidmətləri isə daha əlçatan olmalıdır. Bütün bu addımlar yerli istehsalın təşviq olunmasına xidmət etməlidir”.