Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra sərhədlərin demarkasiyası prosesi sürətlənəcək.
1xeber.media xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini, hakim partiyanın deputatı Armen Xaçaturyan deyib.
“Artıq sülh prosesinə başlamışıq, addım-addım irəliləyirik. Çalışırıq ki, sülh sazişi, ikitərəfli razılaşmalar və sərhədin demarkasiyası ilə bağlı görülən işlərə xələl gəlməsin. Bunu heç bir hərəkətlə məhv etmək olmaz”, - deputat bildirib.
Xaçaturyanın fikrincə, sülh müqaviləsi imzalanmaq üçün hazırdır, bunu günü sabah da etmək mümkündür:
"Gec-tez sülh müqaviləsi imzalanacaq, bu, realdır, ona təminat da olacaq. Sülh müqaviləsi imzalansa, növbəti addım sərhədin demarkasiyası prosesini sürətləndirmək olacaq, bundan sonra sərhəddə tank və artilleriya yox, sərhədçilər dayanacaq, kameralar da quraşdırılacaq. Bundan sonra heç bir problem yaranmayacaq. Önəmli olan odur ki, sərhəddə qoşun yox, sərhədçilər olsun”.
Deputat əlavə edib ki, sərhədlərin delimitasiya və demarkasiyası prosesi dayanmayıb, fasilə sülh müqaviləsi ilə bağlıdır: “Sülh sazişi ətrafında proses irəliləyir. İmzalamalıyıq, başqa variant yoxdur, yeni eskalasiyalar istəmirik. Sülhün alternativi yoxdur”.
Sülh müqaviləsinin hansı ölkədə imzalanmasına gəlincə, Xaçaturyan qeyd edib ki, Azərbaycan və Ermənistan hələlik buna qərar verməyib:
“Hələ ki, qərar yoxdur. İmzalanma ilə bağlı qərar olsa, növbəti müzakirə mövzusu imzalanma yeri olacaq”.