“Boşan, gəl, öz həyatını yaşa, kiməsə corab yuyansan?!”
2024-cü il üzrə Azərbaycanın boşanma statistikası artım göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk 2 ayında 6,739 nikah və 3,456 boşanma qeydə alınıb. Hər 1,000 nəfərə düşən nikahların sayı 4.6-dan 4.0-a düşüb, boşanmalar isə 1.8-dən 2.1-ə yüksəlib.
Azərbaycan üçün son illərdə boşanmalarla bağlı statistik məlumatlar qadınların daha çox müraciət etdiyini göstərir.
Bəs niyə ən çox qadınlar boşanmaq üçün müraciət edir? Bu nə ilə bağlıdır?
Məsələni yenisabah.az-a şərh edən psixoloq Vüsalə Rüstəm bildirib ki, qadınların yaxın keçmişdə ailə ilə bağlı anlayışları tam fərqli idi:
“Valideynlər övladını ər evinə yola saldıqda artıq hərəkət etmə, başımızı aşağı əymə və sən nə edirsən et bil ki, oradan (ər evindən) ancaq ağ kəfəndə çıxa bilərsən deyirdilər. Bu sözlər qadının çiyninə ailə məsuliyyətini yükləyirdi. Nənələrimiz isə hər zaman "yuvanı dişi quş düzəldir" deyərdilər. Boşanmış qadın ifadəsi hər kəs üçün çox ağır ifadə sayılırdı. İndi isə mənzərə çox fərqlidir. Qadınlar ailədə olan kiçik bir anlaşılmazlığa belə davam gətirmir, qarşı cins isə "mən boşanıram" deyən qadını bu fikirdən uzaqlaşdırmaq üçün isə heç bir iş görmür. Sadəcə “boşanırsan, boşan” deyərək sakitcə baş verənləri izləyirlər. Ailə və rəfiqə çevrəsindən mənəvi dəstək alan çox qadın asanlıqla bu addımı atır. Boşanarkən övladının hansı psixoloji çətinliklərlə qarşılaşacağı belə çoxunun vecinə olmur. Dağılmış ailələrdəki uşaqların çoxu travma alır, gələcək ailələrində də eyni problemləri yaşayırlar”.
Psixoloq vurğulayır ki, evlənən cütlüklər ailə qurarkən hər şeyin yaxşı getməyəcəyini, çətinliklər olacağını, bəzən birinin hirslənib kobudluq edəcəyini bilib ağla gələn və gəlməyən çətinlikliklərdə bərabər olacaqlarsa, bu addımı atmalıdırlar:
“Övlad dünyaya gələndən sonra nə ana, nə də ata öz kefi üçün yaşaya bilməz. Onların buna mənəvi haqqı çatmır. Boşanan ailələrdə nəzarətsizlikdən uşaqların başına gələn hadisələri onlarla işləyən mütəxəssislər bilir. Valideyn olmaq ən böyük mənəvi yük və vəzifədir. Qız anasının “boşan, gəl, öz həyatını yaşa, sən kiməsə corab yuyansan?!” deyərək ona dəstək durması gələcək körpələri təhlükənin qucağına atır. Kim nə deyir desin, tək olan valideynlər uşaqları qoruya bilmir”.
V.Rüstəm onu da qeyd edib ki, bəzən boşanmaq üçün çox ciddi səbəblər olur ki, bunlar da danılmaz faktdır:
“Adam əgər psixi xəstədirsə, qadını döyürsə, narkotik, alkqol istifadəçisidirsə, o zaman qadın uşaqları həmin mühitdən xilas etmək üçün boşana bilər. Əks halda, bu addımı atmaq yanlışdır. Qadınların boşanmağa getməsinin isə tək səbəbi mənəvi olaraq daha güclü olması, çətinliklər qarşısında dayana bilmələridir. Heç bir kişi qurduğu sakit, rahat ailə mühitini dağıtmır və dağıtmaq istəmir. Qadınlar isə daha tez qərar verir. Bu qərarı verən zaman ona "dur" deməyi bacaran və fikrindən yayındıran kişi lazımdır ki, qadın yanlış qərar verməsin”.