TƏBİB tabeliyində olan səhiyyə ocaqlarında müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi prosesinə dair tenderlər keçirib.
1xeber.media Tribunainfo.az-a istinadla xəbər verir ki, qurum bu işləri bir şirkətə həvalə edib.
Belə ki, Xaçmaz, Şabran, Quba, Lənkəran, Şirvan, Respublika Kliniki Xəstəxanası və digər səhiyyə ocaqlarının zibillərini “BT TEXNO SERVİS” MMC daşıyacaq. Rəsmi qaynaqlarda qeyd edilir ki, TƏBİB bu məqsədlə 1,1 milyon manatdan çox pul ayırıb.
Qeyd edək ki, Xaçmazda həmin işlərin görülməsinə 161 min 681 manat, Şabranda 35 min 591 manat, Lənkəranda 198 min 172 manat, “Tibbi Reablitasiya Mərkəzi”ndə 6.035 manat, Qubada 81 min 56 manat, Respublika Kliniki Xəstəxanasında 68 min 899 manat, Sabunçu Tibb Mərkəzində 337 min 294 manat, Şirvanda isə 219 min 668 manat sərf olunacaq.
Oxucuların diqqətinə çatdıraq ki, bu sadaldıqlarımız son iki gündə baş verənlərdir. Bu ilin əvvəlindən isə TƏBİB “BT TEXNO SERVİS” MMC-yə daha 5 tender verib. Onlardan biri Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində tibbi tullantıların daşınması məqsədi ilə keçirilib. Tərəflər arasında isə 809 min 84 manata razılaşma əldə edilib.
Bildirək ki, bu yaxınlarda MMC “Xəzər Tibb Mərkəzi”nin zibillərini daşımaq üçün 44 min 241 manata anlaşıb. Şamaxı Mərkəzi Xəstəxanasının tibbi tullantılarını daşımaq üçün isə “BT TEXNO SERVİS” MMC 36 min 911 manat alıb.
Analoji işləri Cəlilabad Mərkəzi Xəstəxanasında həyata keçirən şirkət 67 min 860 manatlıq, Qobustan Mərkəzi Xəstəxanasında 21 min 97 manatlıq və Nərimanov Tibb Mərkəzində 162 min 482 manata görüb.
Xatırladaq ki, “BT TEXNO SERVİS” MMC-nin rəhbəri Füzuli Qasımovdur. Hüquqi ünvanı Bakı şəhəri, Nizami küçəsi 94/34a-da yerləşən şirkətin ortağı da var. Belə ki, Kamran Bağırov şirkətin qanuni şəriklərindən biridir. Hazırda isə şirkətin ofisi Məmməd Araz küçəsi 72, 3-cü mərtəbədə yerləşir.
Qarşı tərəfi də dinləməyə hazırıq.